AZ

“Köhnə və yenil nəsil arasındakı körpünü qorumaq lazımdır” - SOSİOLOQ FİKRİ

“Nəsillərarası anlaşılmazlıqlar, varislik məsələsi hər zaman cəmiyyəti düşündürüb. Bütün zamanlarda, hətta eramızdan əvvəlki dövrdə dünya filosoflarının baxışlarında, əsərlərində də nəsillərarası savaşın olduğunu görürük. Bu gün isə nəsillərarası savaş özünü daha sürətli formada göstərir. Çünki hazırda rəqəmsal cəmiyyətdə, sürət əsrində yaşayırıq. Bu gün nəsillər arasındakı fərqlər özünü daha kəskin şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, artıq zamanın, dövrün xarakterə təsiri özünü göstərir: “Lakin bu fərqlərdən irəli gələrək hər hansı nəsli ittiham etmək düzgün deyil.
Azərbaycan cəmiyyəti ənənəvi cəmiyyət olub və özünəməxsus adət-ənənələri mövcuddur. Çalışmalıyıq ki, bu adət-ənənələri nəsildən-nəslə ötürə bilək.

Gənclərin də bu məsələdə tələbatını nəzərə almaq lazımdır. Çünki gənclər müasir çağırışlara cavab verən nəsildir, onlar kreativlik, yenilik axtarır. Şübhəsiz ki, onlar köhnə qaydalarla yaşamaq istəmirlər. Biz isə elə bir mühit yaratmalıyıq ki, gənclər innovativ düşüncələrə yiyələnə bilsinlər. Lakin köhnə, ənənəvi qaydalardan da qopmamaq lazımdır. Ənənəvi cəmiyyətin əsasını təşkil edən milli-mənəvi adətləri qorumaq mühümdür. Buna görə də köhnə və yenil nəsil arasındakı körpünü qorumaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
148
sia.az

1Mənbələr