AZ

Türkiyəli müəllim: Uşaqlarda Türk dünyası haqqında təsəvvürlərin erkən yaşlarda formalaşması vacibdir

Kahramanmaraş, 12 sentyabr, AZƏRTAC

Türkiyənin Milli Təhsil Nazirliyində türkiyəli məktəblilərin Azərbaycana səyahəti ilə bağlı təklifə baxılacaq.

Bunu AZƏRTAC-a müsahibəsində Heydər Əliyev adına ibtidai məktəbin açılışı çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə vilayət müəllimlərinin görüşündə iştirak edən Kahramanmaraşdan olan müəllim Kadir Demirkaynak deyib.

Kadir Demirkaynak bildirib ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi görüşdə o, şəxsən Tekinə iki ölkənin məktəbliləri üçün daha çox qarşılıqlı səfərlər təşkil etmək təklifini verib və nazir təşəbbüsün nəzərdən keçiriləcəyini bildirib.

“Mən 17 illik müəllimlik fəaliyyətimdə məktəblilər və müəllimlər üçün müxtəlif ölkələrə dəfələrlə səfərlər təşkil etmişəm. Bu, “Erasmus” da daxil olmaqla, təhsil mübadiləsi proqramları çərçivəsində baş verib. Şagirdlərimi Türk dövlətlərinə, xüsusən də Azərbaycana səfərlərə aparmağı ürəkdən arzulayıram. Türkiyənin övladları Azərbaycanı görməli, Qarabağın havasını udmalı, qardaş ölkənin mədəniyyətinə qərq olmalıdırlar”, - deyə Demirkaynak vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə, o cümlədən Kahramanmaraş vilayətində Azərbaycana maraq yüksəkdir. “Təkcə son iki ildə Kahramanmaraş məktəblərindən 48 şagird üçün xaricə səfərlər təşkil etmişəm. Bu cür səyahətlər uşaqların dünyagörüşünü genişləndirir və həyatı qavrama qabiliyyətini formalaşdırır”, - deyə Kahramanmaraş məktəbinin müəllimi bildirib.

O qeyd edib ki, bu, Azərbaycan məktəblilərinə də aiddir. “İstərdim ki, bizim Kahramanmaraşda və Türkiyənin digər vilayətlərində daha çox azərbaycanlı uşaq olsun. Qardaş ölkənin məktəbliləri yüz ildən də çox əvvəl Azərbaycandan olan könüllülərin Anadolu oğulları ilə çiyin-çiyinə döyüşdükləri Çanaqqalaya səfər etməlidirlər”, - deyə o qeyd edib.

Türkiyəli müəllimin fikrincə, belə səfərlər Türkiyədəki müəllimlər üçün faydalı olacaq və onlar Azərbaycanın təhsil sistemi haqqında daha çox məlumat əldə edə biləcəklər. “Təhsil sahəsində əlaqələr yalnız universitetlərlə məhdudlaşmamalıdır. Uşaqlarda Türk dünyası haqqında təsəvvürlərin erkən yaşlarda formalaşması vacibdir”, - deyə Kadir Demirkaynak vurğulayıb.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
azertag.az

1Mənbələr