AZ

“3+3” formatı yenidən gündəmdə: “Tehran bununla region əməkdaşlığına daha çox önəm verdiyini nümayiş etdirməyə çalışır”

“Tehran hakimiyyəti bununla region əməkdaşlığına daha çox önəm verdiyini nümayiş etdirməyə çalışır. İran Zəngəzur yoluna  qərb ölkələri daha çox isə ABŞ-nin nəzarət edəcəyindən ehtiyatlanır. Ona görə də hesab edir ki, həmin formatda görüş təşkil etməklə region dövlətlərinin məsələyə diqqətini cəlb edə bilər. Yəni, Zəngəzur yoluna xarici özəl şirkətin nəzarət etməsinə region dövlətlərinin qarşı çıxmasını təşkil edə bilər”.

Bunu Editor.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olsa da, məsələnin 3+3 formatı çərçivəsində müzakirəsinə isti baxması ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

Politoloq “3+3” formatının da özündə müəyyən ziddiyyətlər olduğu qənaətindədir:

“Məsələn,  Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşməkdədir. Gürcüstanla Rusiya arasında münasibətlər hələ də tam bərpa olunmayıb. Eynilə də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşma prosesi hələ də başa çatmır. Bu baxımdan ziddiyətlər və İranla Rusiya arasında son zamanlar Zəngəzur dəhlizi ilə bağlı yaranmış gərginliklər “3+3” formatının daha real və tərəfləri qane edən qərar çıxarmasına mane olacaq. Hesab edirəm ki, İran hakimiyyəti “3+3” formatı ilə iştirakçı ölkələrin diqqətini regionun təhlükəsizliyinə yönəltməyə çalışır. Bunun fayda verəcəyinə və bu formatın perspektivdə İranın arzuladığı kimi əməkdaşlıq qurumuna çevriləcəyi ehtimalı yox dərəcəsindədir .

Bu format ziddiyyətlidir. Formata daxil olan ölkələrdən, Türkiyə, Gürcüstan və Azərbaycanı çıxmaq şərtilə qalan hər birinin digərinə qarşı müxtəlif səpgili və ziddiyətli iddiaları var. Bu ziddiyyətlər fonunda hansısa ümidverici və İranın mənafeyini qoruya biləcək qərarın qəbul edilməsi imkan xaricindədir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
128
editor.az

1Mənbələr