AZ

10 noyabr sənədi dondurulmuş sənədə çevrilsə də...- ÖZƏL

"10 noyabr sənədinin imzalanması Ermənistanın kapitulyasiya ilə barışması, ağ bayraq qaldırması və təcavüzün dayandırılması nöqteyi -nəzərindən əhəmiyyətli hadisədir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Sözsüz ki, bu bəyannamənin imzalanması baş verməsəydi, bölgədə davam edən müharibənin daha qanlı nəticələrini  görə bilərdik. 10 noyabr sənədinin imzalanması həm Ermənistanı  öz təcavüzkar siyasətini dayandırmağa məcbur elədi, həm də Azərbaycanın həmin günə qədər işğal altında olmuş bəzi bölgələrinin sonrakı bir ay müddətində qansız-qadasız azad olunmasına yol açdı. Bunlar Kəlbəcər, Laçın, Ağdam idi. Bu rayonların məhz 10 noyabr sənədinin imzalanmasından sonra döyüşsüz və qansız azad olunması bizim hərbi siyasi tariximizin önəmli səhifələrindən biri olacaq. 10 noyabr sənədinin digər mühüm əhəmiyyətli cəhəti onun Ermənistanın 30 illik təcavüzkar siyasətindən sonra bölgədə yaranmış yeni reallıqları qismən də olsa, tənzimləyən yeganə dövlətlərarası hüquqi sənəd olmasıdır. Çünki bu sənəd müharibədən sonrakı sülh və bərpa-quruculuq işlərinin aparılmasını nisbətən hüquqi cəhətdən tənzimləyən yeganə sənəddir və eyni zamanda, müharibədən sonrakı bölgədə münasibətlərin normallaşmasında istinad edilə bilən sənəddir. Eyni zamanda, bu sənəd digər ölkələrin bizim bölgəmizə xoş olmayan niyyətlərinə müdaxilə cəhdlərinin qarşısını almağa müəyyən dərəcədə imkan verir. Təəssüf ki, 10 noyabr sənədinin tam şəkildə icra olunmasına Ermənistan dövləti imkan vermədi. Ən azı onun bir sıra müddəaları Ermənistanın təcavüzkar siyasəti, revanşist davranışları və təxribatçı kursu nəticəsində həyata keçmədi. Xüsusilə də doqquzuncu bölmədə göstərilən Azərbaycanın qərb bölgələrindən Naxçıvana Zəngəzur dəhlizinin açılması, digər kommunikasiyaların açılması, bundan başqa hərbi əsirlər deyilən şəxslərin, ümumiyyətlə, girovların, itkinlərin, taleyi ilə bağlı konkret bir aydınlaşmanın baş verməsi, eləcə də bu bölgələrə məcburi köçkünlərin qaytarılması ilə bağlı nəzərdə tutulmuş müddəalar məhz Ermənistanın təqsiri üzündən baş tutmadı. Daha konkret desək, Ermənistan özünün gələcək təcavüzkar və revanş planlarını həyata keçirmək üçün Dağlıq Qarabağdakı erməniləri mütəşəkkil qaydada bu bölgədən çıxarıb Ermənistana apardılar. Məqsədləri aydın məsələdir ki, həm 10 noyabr sənədinin icrasını sabotaj getmək idi, həm də dünya miqyasında Azərbaycanın üstünə yeni bir hücum kampaniyasının təşkili üçün ideoloji, informativ əsas yaratmaq idi. Aydın məsələdir ki, Ermənistan uzaq hədəflərinə nail ola bilmədi, amma faktiki 10 noyabr sənədi əsasında bölgədə sülh prosesinin irəlilədilməsini poza bildi, hansı ki, nəticələrini biz bu gün də görürük ki, sülh prosesi bölgədə normal şəkildə getmir. Amma əlbəttə, 10 noyabr sənədi Ermənistanın təqsiri üzündən bu gün dondurulmuş bir sənədə çevrilsə də, ancaq bu bölgədə Azərbaycanın və Rusiyanın bölgədə sülh quruculuğu naminə əlbir fəaliyyətini təmin etmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, əlbəttə, Azərbaycanın bu sənəddə imzası qardaş Türkiyənin də bölgə sülh quruculuğu prosesində müəyyən səviyyələrdə iştirak etməsinə şərait açır. 10 noyabr sənədi Ermənistanın təqsiri üzündən bu gün dondurulmuş bir sənədə çevrilsə də,  onun potensialından hələ də istifadə etmək mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
olaylar.az

1Mənbələr