AZ

Gədəbəydə 45 km uzunluğa malik avtomobil yollarının yenidən qurulması davam etdirilir - AAYDA

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşriti üzrə avtomobil yollarının əsaslı təmiri davam etdirilir.

Fins.az xəbər verir ki, uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Artıq yolun 30 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə dairəvi və düzbucaqlı suötürücülərin tikintisi artıq yekunlaşıb.

Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər isə müxtəlif mərhələlərdə olmaqla icra olunur.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmimş olacaq.

Zemfira Ms
Fins.az

Seçilən
28
1
fins.az

2Mənbələr