Uzun illər Ermənistanın işğal altında saxladığı torpaqlarımızı minalaması bu gün ölkəmizin qarşılaşdığı ən böyük problemlərdən biridir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra davamlı olaraq minatəmizləmə işləri aparılır və bu proses sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin 10 noyabr tarixindən indiyədək 161 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Amma görünən odur ki, azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi üçün böyük zamana ehtiyac var.
VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu İqtisadiyyat.az-a açıqlamasında mina terroruna qarşı mübarizədə beynəlxalq hüquq və aktların rolundan, Azərbaycanın üzləşdiyi mina probleminin həlli yollarından danışıb.
O bildirib ki, Ermənistanın bu günə qədər mina xəritələrini Azərbaycana təhvil verməməsi bir daha Ermənistanın sülh istəməməsinin göstəricisidir: “Çünki sülh istəyən ölkə sülhün əldə olunması üçün hər şeyi edər. Ciddi ölkələr müharibə bitdikdən sonra onun fəsadlarının aradan qaldırılması üçün qətiyyətli addımlar atırlar. Ermənistan işğalçı dövlət olaraq 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı. 44 günlük savaşdan sonra müharibə bitdi, Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin buna baxmayaraq, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bu həm də onu deməyə əsas verir ki, müharibədən ötən təqribən 4 il yarım müddətində Ermənistanın sülhlə bağlı müxtəlif danışıqlar platformasında iştirak etməsi sülh istəyi ilə deyil, sülhü manipulyasiya etməyi məqsədləri ilə izah olunmalıdır. Bu bir daha onu göstərir ki, sülhün əldə olunmaması üçün Ermənistan hər şeyi edir, o cümlədən mina xəritələrini Azərbaycana vermir”.
H.Babaoğlunun sözlərinə görə, belə hallarda ərazini militarizasiya edən, mina basdıran ölkə üzərində müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq beynəlxalq təşkilatlar, insan hüquqları təşkilatları təzyiq yaratmalıdırlar ki, işğalçı ölkə işğala məruz qoyduğu ərazilərdə olan xəritələrin dəqiq koordinatlarını qonşu ölkəyə versin: “Ancaq təəssüf ki, biz bu məsələdə ixtisaslaşmış hüquq təşkilatlarının və beynəlxalq təşkilatların da birtərəfli mövqeyini görürük. Onlar necə ki 30 il işğal dövründə Ermənistanın işğal siyasətini dəstəklədilər, status-kvonu qorumağa çalışdılar, eləcə də müharibədən sonra Ermənistana əsla bir təzyiq göstərmirlər. Düşünürəm ki, bu, məsələnin həll olunmamasının göstəricilərindən biridir”.
H.Babaoğlu vurğulayıb ki, bu məsələ həm də vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını çətinləşdirir: “Bu da çox mühüm məsələlərdəndir. Əslində elə ermənilərin məqsədlərindən biri də ondan ibarətdir ki, biz azad edilmiş torpaqlarımızda məskunlaşma apara bilməyək. Ermənilər bütün bu addımlarını hesablayaraq atırlar. Amma Ermənistanın necə davranmasından asılı olmayaraq biz bilirik ki, Azərbaycan öz gücünə minaları da təmizləyəcək. Azərbaycan tək bu işin öhdəsindən gələcək”.
İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işləri sürətlə həyata keçirilməkdədir. Rəsmi məlumata görə, təkcə sentyabrın 2-8-də qeyd olunan ərazilərdə 65 tank əleyhinə mina, 21 piyada əleyhinə mina, 1583 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Məlumata əsasən, 907.1 hektar ərazi minalardan təmizlənib.
Hərbi ekspert Ədalət Verdiyev İqtisadiyyat.az-a açıqlamasında hazırda dünyanın 60-dan çox ölkəsində 100 milyondan artıq minanın mövcud olduğunu xatırladıb. Onun sözlərinə görə, Azərbaycan əraziləri də dünyanın mina ilə ən çox çirklənmiş beş ölkəsi arasında yer alır:
“İmzalanan birgə bəyanatdan sonra Ermənistan tərəfinin dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının öz doğma yurd-yuvalarına qayıdışını ləngitmək, hərbçi və mülki vətəndaşlarımız arasında itki yaratmaq məqsədi daşıyır. Hazırda minalanmış ərazilərin təxminən 13%-i təmizlənib, yəni böyük bir hissə hələ də təmizlənməyib. Bu, kifayət qədər uzun zaman alacaq. Çünki mina və partlamamış hərbi sursatların yerləşdiyi bir çox ərazilərə texnika, vasitə və avadanlıqların daşınması belə problem yaradır. Bəzən sursatlar ümumiyyətlə insan ayağı dəyməyən yerlərdə belə tapıla bilir”.
Ekspert minaların təmizlənməsi üçün bir neçə metoddan istifadə edildiyini bildirib: “Birincisi əl ilə təmizləmə üsuludur. Yəni minaaxtaran əlində olan xüsusi sensorlu detektorlar vasitəsilə minaları aşkarlayır və təmizləyir. İkinci məsələ daha geniş yayılmış, lakin heç də hər yerdə istifadəsi mümkün olmayan texnikaların vasitəsilə təmizləmə sayılır. Məsələn, uzaq məsafədən idarə olunan minatəmizləyən dronları qeyd edə bilərik. Onları Azərbaycan da artıq istehsal etməyə başlayıb. Türkiyə və Sloveniya istehsalı olan texnikaları da biz daha əvvəl əldə etmişdik”.
Ə.Verdiyev həmçinin minaların təmizlənməsində istifadə edilən dronların fəaliyyətindən də danışıb və tövsiyələrini bölüşüb: “Dronlar bəlli bir dərinlikdə olan minaların korpuslarından gələn siqnalları qəbul edir, ərazinin xəritəsini çıxarır və bu xəritə üzərində mina olduğu ehtimal olunan qurğuların koordinatlarını qeyd edir, ondan sonra mexaniki üsulla yenə də həmin ərazi yoxlanılır və təmizlənilir. Bundan başqa, minaaxtaran itlər var ki, onlarla da prosesdə kifayət qədər geniş şəkildə istifadə edilir. Digər bir metod isə xüsusi siçanlarla təmizləmə metodudur. Onların iybilmə qabiliyyəti yüksək olduğu üçün minaların aşkarlanmasında və təmizlənməsində istifadə olunur. Metodlar müxətlifdir, lakin istənilən halda hətta heç ağıla gəlməyən yerlərdə kimsə minanın, sürprizlərin, tələlərin olmayacağına zəmanət verə bilməz. Ona görə də vətəndaşlarımız mina ilə bağlı xəbərdarlıqlara, minalanmış ərazilərin sərhədlərinə diqqətlə yanaşmalıdırlar. Qeyd olunan ərazilərə daxil olmaqdan çəkinməlidirlər. Yaxud da şübhə doğuran bir minaya bənzər və yaxud da minaların olduğu ehtimal olunan ərazilərə girişdən tam çəkinməli, şübhəli bir elementlərə rast gəldikdə isə bu barədə aidiyyəti qurumlara, polisə, Fövqəladə Hallar Nazirliynin (FHN) qaynar xəttinə məlumat verməlidirlər”.
2020-ci ilin noyabr ayından 2024-cü ilin 6 sentyabr tarixləri müddətində mina qurbanlarının sayı 379 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 309 nəfəri xəsarət alıb. Mina terroruna tuş gələn 197 mülki şəxsdən 55-i həlak olub, 142 nəfər xəsarət alıb. Hərbi qulluqçular arasında 182 nəfər mina terrorunun qurbanı olub. Onlardan 15 nəfər həlak olub, 167 nəfər isə xəsarət alıb. Mülki şəxslər arasında baş vermiş insidentlərin səbəbi isə müxtəlifdir. Mina insidentlərinin 38%-i qanunsuz səfərlər, 20%-i infrastruktur işləri, 20%-I xidməti vəzifə və 22%-i isə kənd təsərrüfatı fəaliyyəti zamanı baş verib.
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın üzvü, qazi Rey Kərimoğlu İqtisadiyyat.az-a açıqlamasında deyib ki, işğal altında olan torpaqlarımız azad olunduqdan sonra Azərbaycan ərazilərin minalarla çirkələnməsi kimi çox böyük bir problemlə üzləşib.
O, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) ərazidə minalardan təmizləmə işlərini həyata keçirdiyini, bunun çox ağır, çətin və vaxt aparan bir proses olduğunu xatırladıb: “Ümumiyyətlə, bunun üçün Ermənistan Azərbaycana vəd vermişdi ki, mina xəritələrini verəcək. Lakin hələ də qarşı tərəf bu prosesi yubadır. Çox təəssüf ki, dünya ictimaiyyəti bu məsələyə susqunluqla yanaşır. Müəyyən güc dövlətləri, təşkilatlar Azərbaycanı etmədiyi bir şeyə görə hədələyir, Azərbaycana qarşı bəyanat verirlər. Təəssüflər olsun ki, həmin güc dövlətləri və təşkilatlar tərəfindən bu boyda mina problemini yaradan Ermənistana qarşı bir kəlmə də bəyanat eşitmirik. Bu məsələdə Ermənistana hələ də müəyyən dövlətlər göz yumur. Bütün bunlara baxmayaraq, Azərbaycanın əsas prioritetlərindən biri işğala məruz qalmış ərazilirəmizin minalardan təmizlənməsidir. Bu istiqamətdə ANAMA tərəfindən işlər görülür. Minanın təmizlənməsi sonuncu prosesdir. Əsas məsələ maarifləndirmə işlərinin aparılması, təlimlərin keçirilməsidir ki, bunlar vaxt aparan, vəsait və enerji tələb edən işlərdir”.
Təşkilat sədri minatəmizləmə prosesindən də danışıb. Onun sözlərinə görə, minətəmizləmə əməliyyatı zamanı əvvəlcə minalanmış ərazilər müəyyənləşdirilir, xəritələr hazırlanır, sonra isə ANAMA-nın rəhbərliyi ilə həmin ərazilərin təmizlənməsi üçün prosesə başlanılır: “Beləliklə, minalar təmizlənilir, ərazidən çıxarılır və zərərsizləşdirilir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ANAMA-nın müəyyənləşdirdiyi prioritetlər əsasında xəbərdarlıq lövhələri asılır”.
R.Kərimoğlu rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbir və layihələrdən də söz açıb. Bildirib ki, ictimai birlik öz səlahiyyətləri çərçivəsində xeyli işlər görüb və bu gün də görməkdə davam edir: “Biz “Minadan Zərərçəkənlər Assosiasiyası” İctimai Birliyi olaraq həm də zərərçəkənlərin problemlərinin həlli işləri ilə məşğuluq. Paralel olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bizim ictimai birlik 10 rayonda minaya düşən insanların statistikasını aparır, beynəlxalq İNİSMA blankı çərçivəsində sorğular keçiririk. Artıq Beyləqan, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Naftalanda bu istiqamətdə həyata keçirdiyimiz işlər yekunlaşmaq üzrədir. Minadan zərər çəkən xeyli insanın sorğularını aparmışıq, ayrıca onların ehtiyac meyarlarının öyrənilməsi sorğusunu həyata keçirmişik. Layihə tam yekunlaşdıqdan sonra, noyabrın sonu, dekabrın əvvəlində Bakıda böyük bir təqdimat edəcəyik”.
R.Kərimoğlu həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı görülən digər işlərdən də danışıb: “ANAMA yanında İctimai Şura üzvləri regiona səfərlər edir, maarifləndirmə işlərində iştirak edir, minatəmizləmə prosesini müşahidə edirlər. ANAMA-nın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə komandalarının düşərgələri var. Tez-tez həmin ərazilərə baş çəkirik, onların qayğıları ilə maraqlanırıq. Bu yaxınlarda böyük bir heyətlə azad olunmuş ərazilərdə səfərdə olduq. Burada minatəmizləmə prosesi ilə yaxında tanış olduq. Mina təmizləmə komandasına həmin ərazilərdə çox yüksək səviyyədə şərait yaradılıb. Onlar ərzaq, yatacaq və digər təminatlarla yüksək səviyyədə təmin olunur”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti üzrə hazırlanıb.
Sadiq Cavadov