AZ

"Paşinyan o açıqlama ilə Qərbin sifarişini icra edir, İrəvan-Kreml münasibətləri..." - Politoloq

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçiləri olmadan kommunikasiyaların açılmasının mümkünlüyünə işarə vurub.  “9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdır, onlar olmayacaq”, - o deyib.

 

Baş nazirin sözlərinə görə, 9 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. “Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir”. 

 

Maraqlıdır, Paşinyanın bu cür fikirlərinin pərdəarxasında nələr dayanır?


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Ermənistan Baş naziri növbəti dəfə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını mübahisələndirib:

 

“Ötən 4 il ərzində biz dəfələrlə belə çıxışların şahidi olmuşuq. İkinci Qarabağ müharibəsindən sonrakı zamanlarda dəfələrlə Ermənistan tərəfi söz oyununa gedib, bəyanatı əvvəlcə erməni dilinə tərcümə edərək orada sənədin mahiyyətini təhrif edən müxtəlif yanaşmalar sərgiləyib, onu öz istədikləri formada təqdim ediblər. Hazırda da Nikol Paşinyan eyni yanaşmanı təkrarlayır və bildirir ki, bəyanatın 9-cu maddəsində Rusiya sərhədçilərinin burada olması göstərilməyib. Yaxud qeyd edir ki, Rusiya sərhədçiləri olacaqsa, buna Ermənistan qərar verməlidir. Əlbəttə, hər bir dövlət suveren addımlar atmaqda müstəqildir, lakin Ermənistan Vətən müharibəsindən sonra üzərinə öhdəlik götürüb”.

 

Politoloq xatırlatdı ki, Ermənistan tərəfi sərnişinlərin, yüklərin, avtomobillərin maneəsiz gediş-gəlişi üçün şərait yaratmalıdır:

 

“Dəhlizin təhlükəsizliyinə isə Rusiya FTX-nin sərhəd qoşunları zəmanət verməlidir. Bu, aydın şəkildə qeyd olunub. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da mətbuat konfransında Paşinyanın bu manipulyasiyalarına cavab olaraq bəyanatı olduğu kimi oxuyub. İrəvana bununla mesaj verib ki, əslində bəyanatda nələr qeyd olunub və hansı məsələlərdə Ermənistan öhdəliklərdən imtina edir. Düşünürəm ki, bu yanaşma İrəvan-Kreml arasında ziddiyyətləri bir qədər də genişləndirəcək. Ermənistan həm də hazırda sanki kənar geosiyasi oyunçuların tezislərini təkrarlayır, onlara ruh verir və yeni geopolitik qarşıdurmalara səbəb olur. Bilirsiniz ki, İran da qəti surətdə dəhlizin olmasına qarşı çıxır. Ermənistan isə məhz Rusiyanın burada mövcudluğunu inkar edərək öz Qərb partnyorlarının sifarişlərini icra edir”.

 

Günay Rəsulqızı
 

Seçilən
72
sfera.az

1Mənbələr