Kreml Qərbə xəbərdarlıq edib ki, Ukraynaya Qərbin uzaqmənzilli aktiv raketləri ilə Rusiya ərazisini vurmaq hüququnun verilməsi ABŞ və Avropanın müharibədə birbaşa iştirakını dərinləşdirəcək və Moskvanın cavab reaksiyasına səbəb olacaq.
ABŞ-ın Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalını dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov deyib ki, çox güman, bununla bağlı artıq qərarlar verilib, media qurumları isə artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün kampaniya aparırlar.
Rusiyanın buna necə reaksiya verəcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib ki, lazımi cavab veriləcək: "Xüsusi hərbi əməliyyat (Ukraynada) artıq bütün bu hərəkətlərə cavabdır. Qərb tərəfindən qəbul edilən və daha sonra Ukraynada tətbiq edilən bu cür qərarlar onu göstərir ki, xüsusi hərbi əməliyyat lazımdır və bunun alternativi yoxdur”.
ABŞ və Avropa ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirak etdiyini deyən Peskov bildirib ki, ABŞ Ukraynadan istifadə edərək Rusiya ilə mübarizəni dayandırmalıdır: “Belə bir yanaşmadan əl çəkmək problemi həll edə bilər”.
TAHİR