AZ

Xaricdəki alimlərimiz "Vətənin strateji planları" naminə hərəkətə keçdilər...

Image

İlqar Orucov: “Diaspor alimlərinin bacarığından, təcrübəsindən  həm elmimizin, həm ali təhsilimizin inkişafı naminə istifadə etmək mümkündür”

“...Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər kimi, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik”. Bu fikirlər Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində yer alıb.

Müraciətdə, həmçinin, “Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliklə biz də ümumi tərəqqimizə töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli mənası olan böyük işlərdə Sizin yardımçınıza çevrilə biləcəkdir” - deyə bildirilib.

Xaricdə yaşayan azərbaycanlı alimlər Prezidentə ünvanladıqları müraciətdə deyirlər ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik. 

Bu sahələrdə xaricdə yaşayan alimlər nə töhfə verə bilərlər? Əsas budur ki, onların bu sahədə verəcəkləri töhfələrin, nailiyyətlərinin koordinasiya olunması mümkündürmü? Onları necə koordinasiya etmək olar? Ümumiyyətlə, onlar bu istiqamətlərdə nəsə edə bilərlər? Şərait varmı?

“Diaspor alimlərinin bu arzularının gerçəkləşdirilməsi üçün koordinasiya işinin həyata keçirilməsi çox vacibdir” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, diaspor alimlərinin forumunun keçirilməsi təşəbbüsü ilə illər əvvəl çıxış edib və belə bir tədbirin keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti barədə dəfələrlə yazıb. “Fikirləşirəm ki, mütləq şəkildə diaspor alimləri Azərbaycan elminin və təhsilinin inkişafına cəlb olunmalıdır. Onların təcrübəsindən mütləq şəkildə istifadə olunmalıdır. Eyni zamanda, gənc alimlərin formalaşmasında diaspor alimlərinin imkanları səfərbər edilməlidir. Çox təəssüf ki, bizim diaspor alimlərimizin bəziləri zamanında elmə rəhbərlik edən adamlar tərəfindən buradan küsdürülmüş şəxslərdir. Bir çoxları da ölkədə öz imkanlarını reallaşdıra bilməyib və bu səbəbdən də Azərbaycandan gediblər. Mən həmin forumda iştirak etməmişəm və bilmirəm ki, zamanında burada incidilmiş, buna görə də ölkədən getmiş alimlər bu foruma qatılıblar, yaxud qatılmayıblar. Qatılmayıblarsa, buna təəssüf edirəm. Fikirləşirəm ki, həmin insanlar Azərbaycanın intellektual sərvətidir və onlarla ölkəmizin əlaqələrinin qurulması mütləq şəkildə təmin olunmalıdır. Xatırlayıram, illər əvvəl diaspor alimlərinin forumunun keçirilməsi ilə bağlı dövlətin müvafiq qurumlarına layihələrlə müraciət edərkən biz məhz həm də bu məsələni diqqətdə saxlayırdıq, fikirləşirdik ki, bu forumu keçirsək çox yaxşı olar. Bizim bu barədə təcrübəmiz var idi. Qeyd edim ki, dünyada alimlərin ən böyük tədbirinin, forumunun təşəbbüsçüsü Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti olub. Ona görə də düşünürdüm ki, biz mütləq diaspor alimlərinin Azərbaycana cəlb olunmasına çalışmalıyıq. Burada söhbət, əlbəttə ki, ciddi elmi nailiyyəti olan, nüfuzlu alimlərdən gedir. Yaxşı yadımdadır, hətta biz o zaman forumun proqramını tərtib etmişdik, orda çox ciddi mövzular qoyulmuşdu. Mövzulardan biri də Diaspor Alimlərinin Əməkdaşlıq Mərkəzinin yaradılması idi. Onun beyin mərkəzi kimi gələcəkdə inkişaf etdirilməsi, eyni zamanda çox ciddi vəzifələrin mərkəz tərəfindən həyata keçirilməsi planlaşdırılırdı. Təəssüf edirəm, bizim bu təşəbbüsümüzə zamanında müvafiq qurumlar dəstək vermədi. 

Amma hər halda belə bir forumun keçirilməsini alqışlayıram. Nə yaxşı gec də olsa bizim bu təşəbbüsümüz, bu arzumuz gerçəkləşdi. Bütün hallarda biz gələcəkdə bu forumun nə qədər əhəmiyyətli olacağını görəcəyik. Amma ümud edirəm ki, bu forum əhəmiyyətli, faydalı olacaq və orda qaldırılan məsələlər söz olaraq yox, əməl olaraq reallaşacaq” - deyə bildirən İ.Orucov xaricdə yaşayan alimlərin Prezident Əliyevə müraciətini yüksək qiymətləndirdiyini dedi. O qeyd etdi ki, alimlər Azərbaycanın elm sahəsində inkişafına töhfə vermək istəyirlər və bu da xüsusilə dəyərlidir. “Bilirəm ki, azərbaycanlılar dünyanın harasında yaşamasından asılı olmayaraq Vətənə, dövlətə bağlıdırlar. Bu bağlılıq da yüksək səviyyədədir. Xaricdəki elm adamlarının ölkəmizlə bağlılğı həvəskar bir yanaşma deyil. Hesab edirəm ki, bu həm də peşəkarlıq baxımından əhəmiyyətlidir. Müraciətdə qeyd olunduğu kimi, elm, texnologiya, energetika, sosiologiya sahəsində proqramların hazırlanmasında  onların iştirak etmək arzusu  var. Hesab edirəm ki, onların ali təhsilimizin səviyyəsinin yüksəlməsi ilə bağlı arzuları, təşəbbüsləri var. Ümumiyyətlə, ölkəmizdə innovasiya, tədqiqat mühitinin, iqtisadiyyatın formalaşmasına o alimlərin cəlb olunması olduqca vacibdir. Bayaq koordinasiya məsələsini qeyd etdim. Dünya Alimlərinin Birliyini yaradıblar. Hesab edirəm ki, yaradılan bu Birlik bu istiqamətdə koordinasiya işini həyata keçirə bilər. Əlbəttə, dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyi məsələyə öz töhfəsini verəcək, Diaspor Komitəsinin də bu sahədə imkanları var. Onlar da xaricdə yaşayan alimlərimizin ölkəmizin gələcəyi ilə bağlı arzularının gerçəkləşməsinə dəstək ifadə etməlidirlər. Mütləq şəkildə etməlidirlər. Çünki bu gün bir məmur vəzifə başında olacaq, sabah o məmur olmayacaq, amma bu dövlət, bu Vətən, bu xalq daimidir, əbədidir. Ümid edirəm ki, Vətənimizin gələcəyi üçün bizim alimlərimizin səyləri, arzuları tükənməzdir. Həm də onların bilik və bacarıqları kifayət qədər peşəkardır. Onlar peşəkar biliklərə malikdirlər, təcrübələri var. Onlar arasında kifayət qədər müdriklik yaşına dolan alimlərimiz var ki, bu alimlərin ölkəmizə xidmət etmək yönündə arzuları var. Hesab edirəm ki, mütləq şəkildə bizim xaricdə yaşayan alimlərimizin imkanları səfərbər edilməlidir. Bu imkanların gerçəkləşməsi naminə dövlət qurumları onların yanında olmalıdır. Mən cənab Prezidentin təbrik məktubunu da oxumuşam. Bilirəm ki, cənab Prezident xaricdə yaşayan alimlərimizin ölkəmizin ümumi inkişafı işinə cəlb oluması işində nə qədər maraqlıdır. Bu həqiqətən də önəmlidir. Çünki ölkənin ali siyasi rəhbərliyinin məhz elm adamlarının imkanlarının səfərbər edilməsi ilə bağlı arzuları, gözləntiləri var. Düşünürəm ki, bu gün diaspor alimlərinin bu arzularının gerçəkləşdirilməsi üçün koordinasiya işinin həyata keçirilməsi çox vacibdir. Dəstəyin olması da vacib amillərdən biridir. Fikrimcə, bu işdə müvafiq qurumlar həm də Ali Baş Komandanın, cənab Prezidentin təbrik məktubundan nümunə götürəcəklər, onu öz fəaliyyətlərində rəhbər tutacaqlar, o məktubda tezislər var. O tezislər ölkə başçısının gözləntilərinin nədən ibarət olduğunu ifadə edir. Düşünürəm ki, Prezident Əliyevin təbrik məktubu həm də proqram xarakterli bir sənəd kimi mütləq şəkildə nəzərə alınmalı və istifadə olunmalıdır. Diaspor alimlərinin bacarığından, təcrübəsindən həm elmimizin, həm ali təhsilimizin inkişafı naminə istifadə etmək mümkündür. Eyni zamanda Azərbaycanda elmi məktəblərin yaradılması üçün mütləq o alimlərin imkanlarını, bilik və bacarıqlarını səfərbər etməliyik.

Mən bir məsələyə də toxunum, hər zaman qeyd edirik ki, Azərbaycanda elmi məktəblər sıradan çıxmaq üzrədir. Biz hansısa amerikalını gətirib Azərbaycanda elmi tədiqiqatlara cəlb etməkdənsə, hesab edirəm ki, bu gün ABŞ-da, Türkiyədə, Almaniyada, Kanadada, bir sözlə, dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı alimləri bu işlərə cəlb etsək daha faydalı olar. Çünki onlarda həm də bir Vətən sevgisi, Vətənə, xalqa, dövlətə  bağlılıq var. Bu amil elm qarşısında duran ümummilli məsələlərin həllinə dəstək və kömək ola bilər” - deyə İ.Orucov vurğuladı. 

İradə SARIYEVA





Seçilən
115
baki-xeber.com

1Mənbələr