Bu ilin birinci yarısında Azərbaycanda əsasən xarici amillər fonunda zəifləyən inflyasiyaya mövsümi amillər də təsir edib, il sonu orta illik infyasiyanın proqnozu üstələyəcəyi qənaətinə gəlinib.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin yanvar-iyun ayları üzrə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili barədə məlumatında bildirilib.
Məlumata görə, birinci yarımillikdə orta illik inflyasiya 0,7% olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz bəndi azalmışdır. Ən yüksək bahalaşma xidmətlər üzrə qeydə alınmış (2,4%), ərzaq məhsulları üzrə isə 0,6% ucuzlaşma müşahidə edilmişdir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 1,0%-ə bərabər olmuşdur ki, bu da qiymət ucuzlaşmasında mövsümi amillərin də rol oynadığını deməyə imkan verir.
2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı orta illik inflyasiya proqnozu 5,3%-dən 2,7%-ə endirilmişdir. Təhlillər ilin sonunda orta illik göstəricinin proqnozlaşdırılmış rəqəmdən yüksək olacağını deməyə imkan verir. Belə ki, qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin artımı, eləcə də yenidən baxılma nəticəsində dövlət büdcəsi xərclərinin artırılması növbəti aylarda qiymət artımının nisbətən sürətlənəcəyi ehtimalını yüksəldir.