AZ

AMEA-nın prezidenti kərküklü alimlərlə görüşüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli kərküklü alimlərlə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Kərkükə ilk dəfə 1994-cü ildə Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin tərkibində səfər etdiyini bildirib.

Kərkükün və türkmanların Azərbaycan üçün böyük mənəvi önəm kəsb etdiyini deyən akademik AMEA-da Azərbaycan-Kərkük ədəbi əlaqələri istiqamətində, türkman ədəbiyyatının, dilinin, folklorunun və s. öyrənilməsinə dair geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, qarşılıqlı əlaqələrin qurulması və inkişafında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və azərbaycanlı professor Qəzənfər Paşayevin xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin vurğulayıb ki, AMEA-da Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib və kərküklü tədqiqatçı-yazıçı Şəmsəddin Kuzəçinin təşkilatçılığı ilə Kərkükdən tanınmış alim və tədqiqatçılar həmin tədbirdə iştirak ediblər. İsa Həbibbəyli konfrans iştirakçıları vasitəsilə Kərkükə Azərbaycanın dili, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti ilə bağlı kitabların göndərildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin İraqda oktyabr ayında Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransda Azərbaycan alimlərinin də təmsil olunacağını bildirib, səfər zamanı növbəti kitabların Kərkük Universitetinə hədiyyə ediləcəyini söyləyib. O, AMEA-nın Kərkükün elm xadimləri və ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycan-Kərkük ədəbi əlaqələrinin daha da inkişafı üçün zəruri dəstəyin göstəriləcəyini vurğulayıb.

Kərkük Universitetinin əməkdaşı, Türkməneli Akademisyenlər Təşkilatının sədri Nebil Şahin Məhəmməd AMEA-da olmaqdan məmnunluğunu ifadə edib. Elmi-pedaqoji fəaliyyəti barədə məlumat verən alim 17 ildir Kərkük Universitetində çalışdığını, Türkiyədə magistratura, Şotlandiyada isə doktorantura təhsili aldığını diqqətə çatdırıb. Bildirib ki, eyni zamanda, Türkməneli Akademisyenlər Təşkilatının sədri olaraq gənclərlə və beynəlxalq elmi qurumlarla sıx əməkdaşlıq edirlər. O, Azərbaycanın İraqdakı səfirliyi tərəfindən daim onların fəaliyyətinə dəstək göstərildiyini söyləyib, bu görüşün Azərbaycan-Kərkük əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Həmçinin onun qarşılıqlı kadr mübadiləsi, doktorantura təhsili, birgə konfransların təşkili, qarşılıqlı məqalələrin çapı, alimlərin əsərlərinə istinad edilməsi kimi verdiyi təkliflər qəbul olunub.

Kərküklü tədqiqatçı Əli Hüseyn Bayatlı və Mosul Şimali Texniki Universitetinin nəzdində Kərkük Texniki İnstitutunun əməkdaşı Savaş Hürmüzlü da elmi fəaliyyətləri barədə məlumat veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
azertag.az

3Mənbələr