Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının yaratdığı Təmas Qrupunun sabah İspaniyanın paytaxtı Madriddə keçiriləcək geniş iştiraklı toplantısına qatılacaq.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası tərəfindən yaradılan Təmas Qrupunun əvvəlki Madrid toplantısından daha geniş iştirakla keçiriləcək iclasında nazir Hakan Fidan və İƏT-Ərəb Liqası Təmas Qrupunun xarici işlər nazirləri, habelə Norveçin xarici işlər naziri Espen Bart, Sloveniyanın xarici işlər naziri Tanya Fajon, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Nigeriya və İrlandiyadan olan nümayəndələr də iştirak edəcəklər.
İclasda İsrailin Qəzza və İordan çayının qərb sahilinə hücumlarına dərhal və daimi atəşkəslə son qoyulması, Fələstinin dövlət kimi tanınması istiqamətində səylərin davam etdirilməsi və iki dövlətli həll prosesinin canlandırılması məsələləri müzakirə olunacaq.
İclas çərçivəsində İƏT-Ərəb Liqası Təmas Qrupunun xarici işlər nazirləri və digər nümayəndələrinin İspaniyanın Baş naziri Pedro Sançes tərəfindən qəbulu gözlənilir.
Mövsüm