AZ

MEDİA Agentliyi və AzTV rəqəmsal dezinformasiyaya qarşı birgə mübarizəyə başladılar...

Image

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "MEDİALAB" televiziya proqramına start verilib.

Layihənin keçirilməsində əsas məqsəd informasiya yaradılması və ötürülməsi prosesində texnologiyaların geniş tətbiqi nəticəsində xüsusilə mürəkkəbləşən rəqəmsal media mühitində dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi və media savadlılığının artırılması, həmçinin peşəkar medianın bu sahədə maarifləndirici funksiyasının və proaktiv rolunun gücləndirilməsidir.

Maraqlıdır, "MEDİALAB" layihəsinin informasiya hazırlanması, yayılmasında nə kimi əhəmiyyəti olacaq?

Azər Həsrət: “Yetişməkdə olan nəslin düzgün istiqamətləndirilməsi baxımından belə layihələrin olması əhəmiyyətlidir” 

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür layihələrin keçirilməsi faydalıdır. Xüsusən də, yetişməkdə olan nəslin düzgün istiqamətləndirilməsi baxımından belə bir layihələrin olması əhəmiyyətlidir: “Peşəkarların öz təcrübəsini bölüşməsi, dünya trendlərinin öyrənilib ötürülməsi baxımından belə təşəbbüslərə hər zaman açıq olmalıyıq. Bu baxımdan Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "Medialab" televiziya proqramının yayımlanması təqdir olunmalıdır. Yaxşı olar ki, bu cür layihələrdə peşəkarların təcrübəsindən istifadə olunsun”. 

Vasif Həsənli: ““Medialab” layihəsi beynəlxalq müstəvidə sınaqdan çıxmış təcrübədir və peşəkarlığın artırılmasında effektiv rol oynayır” 

Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, hər şeydən öncə beynəlxalq təcrübənin Azərbaycan mediasında tətbiqi baxımından önəmlidir. “Medialab” layihəsi beynəlxalq müstəvidə sınaqdan çıxmış təcrübədir və peşəkarlığın artırılmasında effektiv rol oynayır: “Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Medialab” layihəsinin Azərbaycan mediasında, televiziya yayımında və ictimaiyyətin peşəkar infiormasiya təminatında rol oynacağını düşünürəm. Bu layihə media üçün peşəkar kadrların hazırlanmasında əhəmiyyətli olacaq. Bilirik ki, universitetlərdə adətən nəzəri biliklər öyrədilir, lakin jurnalistikanı əsasən praktiki sahədə mənimsəmək mümkündür. Jurnalistika fakültəsinin tələbələri müxtəlif media subyektlərində praktika keçsə də, kompleks yanaşmanın olmadığı bəllidir. Fikrimcə, “Medialab” layihəsi bu sahədə kompleks yanaşmanın gətirilməsi, peşəkar kadrların hazırlanması üçün effektiv platforma olacaq. Ümumilikdə, mediamızın peşəkarlaşmasına töhfə verəcəyini düşünürəm”.

Son olaraq bildirək ki, “Medialab" proqramı hər çərşənbə axşamı saat 19:30-da AzTV-də yayımlanacaq.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
baki-xeber.com

1Mənbələr