AZ

Mərkəzi Elmi Kitabxanada “MEK könüllüləri” fəaliyyətə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “MEK könüllüləri” fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq MEK rəhbərliyinin gənclərlə görüşü keçirilib.

MEK-in direktoru dosent Hüseyn Hüseynov ilk olaraq könüllü namizədlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb və kitabxananın fəaliyyəti barədə ümumi məlumat verib. Direktor   Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını, cəmiyyətimizdə böyük rəğbət qazandığını vurğulayıb, eyni zamanda AMEA-da ilk dəfə könüllü hərəkatının məhz Mərkəzi Elmi Kitabxanada yaranmasını akademiya rəhbərliyinin kitabxanaya, kitaba, kitabsevərlərə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib. MEK rəhbəri kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak edəcək könüllülərin fəaliyyətini yüksək dəyərləndirib və gənclərə bu məsuliyyətli işdə uğurlar arzulayıb.

MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqəyə qoşulmaq üçün 200-ə yaxın müraciət qəbul edildiyini və son mərhələdə onlardan intizamlılıq, işgüzarlıq, operativlik, kollektivdə işləmək bacarığı, kompüter, dil biliyi, xüsusilə ixtisas uyğunluğu və digər keyfiyyətlərə malik 20 nəfər gəncin seçildiyini diqqətə çatdırıb. Elmi katib onu da vurğulayıb ki, onlar üç ay müddətində  müxtəlif sosial bacarıqlar və əmək vərdişlərini aşılayan təlimlərdə iştirak edəcəklər. Öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikatlar veriləcəyini nəzərə çatdıra elmi katib qeyd edib ki, aktivliyi ilə seçilənlərə xasiyyətnamələr də təqdim olunacaq ki, bu da onların gələcəkdə iş fəaliyyətlərinə müsbət təsir göstərəcək.

MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana işləri üzrə direktor müavini dosent Şəhla Quliyeva və digər çıxış edənlər MEK-in ayrı-ayrı şöbələri və fondlarının fəaliyyəti haqqında gənclərə məlumat veriblər.

Kitabxana ilə yaxından tanış olan könüllülər burada dövlət tərəfindən yaradılmış şəraitdən məmnunluq ifadə ediblər, eyni zamanda Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələr və hal-hazırda davam edən müxtəlif mövzulu sərgilərə baxıblar.

Tədbir müddəti könüllüləri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


Seçilən
75
1
azia.az

2Mənbələr