AZ

10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: "Bir milyon manat təzminat istəyirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.
Müttəhimlər Tağı İbrahimov və Toğrul Rzayev özlərini təqsirli bilmədiklərini bildiriblər. Onların müdafiəçiləri məhkəməyə müraciət edərək, müvəkkillərinin özlərini təqsirli bilmədiyi üçün əvvəlcə zərərçəkənlərin dindirilməsini tələb ediblər.
Məhkəmə bu müraciəti qəbul edərək, zərərçəkənləri və onların hüquqi varislərini dindirilməsi barədə qərar qəbul edib.
Hadisə zamanı həlak olan Adil Rüstəmovun atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
"Oğlum həmin zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm" , - deyə o bildirib.
A.Rüstəmov ifadəsində həmçinin qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklif etdiyi kompensasiya məbləği onu qane etməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin olunub.
Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinə malik olduğu halda, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə və 23 nəfərin xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaka və təbiətə maddi ziyan vurub, həmçinin Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
oxu.az

10Mənbələr