AZ

Məişət tullantıları zərərli qazların həcmini artırır — Yeni texnologiyalara ehtiyac var

ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarında əhəmiyyətli artım aşkar edib.

Tədqiqat “Environmental Research Letters” (ERL) elmi jurnalında dərc olunub. Təhlil göstərib ki, 2020-ci ildə dünyada 608 milyon ton metan havaya atılıb ki, bu da 2000-ci illə müqayisədə 12 % çoxdur. Metanın atmosferə daxil olmasının əsas mənbəyi insan fəaliyyətidir. Coğrafi olaraq, insan fəaliyyətindən qaynaqlanan metan emissiyaları Avropadan başqa hər yerdə böyüyür, ən böyük sıçrayış Asiyada, xüsusən Çin və Hindistanda müşahidə olunur. 

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, metan emissiyalarının əsas mənbəyi heyvandarlıq təsərrüfatlarıdır. R.Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Asiya ölkələrində əhali sayının çox olması burada ət və ət məhsullarına tələbatı artırır:

“Heyvanlar qapalı fermalarda yetişdirilir. Qapalı fermalar da daha çox metan emissiyasına səbəb olur. Bunu azaltmağın bir neçə yolu var. İlk növbədə elə yem vahidləri seçilməlidir ki, onların işlənməsi nəticəsində atmosferə daha az metan atılsın. İkinci tərəfdən metanı atmosferə buraxmaq yox, ondan istifadə etmək olar. Çünki metan, əsasən, peyindən əmələ gəlir. Metanı yanacaq kimi istifadə edə, bioqaz əldə edə bilərik. Bunun üçün yeni texnologiyalar alınmalıdır. 
Digər metan emissiyaları da var. Bu, iri şəhərlərdəki orqanik məişət tullantılarıdır ki, ənənəvi  zibilxanalarda yaranır. Və təbii ki, kanalizasiyalar da metan əmələ gəlir. Bunların da qarşısını müasir texnologiyalarla almaq olar. Tullantılardan xeyirli gübrə əldə edilə bilər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
109
demokrat.az

1Mənbələr