Aralında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar olan 3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.
"Unikal" xəbər verir ki, bu barədə bloger və Mətbuat Şurasının idarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkədə yazıb.
O bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silinib.
"Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.
Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıb. "Artsax"a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediaya yerləşdirilib.
Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır".
Bloger qeyd edib ki, bu işi edənlərin adlarını bilir və Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək.
"Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq", - deyə o qeyd edib.
Onu da bildirək ki, Vikipediyada Vətən müharibəsi şəhidləri istisna olmaqla, digər bütün şəhidlərin məlumatları silinib.