Bakı, 12 sentyabr, AZƏRTAC
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım gələrsə, çempionluq uğrunda mübarizə aparan Lando Norrisə kömək etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu yanaşmanı şərh edən Norris rəhbərliyə təşəkkürünü bildirsə də, titulu özü qazanmaq istədiyini bildirib.
“Şadam ki, “papaya qaydaları” indi aydınlaşdırılıb. Lakin Oskar öz mübarizəsini aparır, öz məsələlərini həll edir. Əgər o, məndən daha yaxşı çıxış edirsə, qabaqlayır və yarışda qalib gəlirsə, deməli, o, işində daha uğurlu olub” – deyə Lando Norris bildirib.
“Lazım olsa, Oskardan kömək alacam, amma o, özü üçün mübarizə aparmaq, hər sessiyada ən yaxşı nəticə əldə etmək üçün trasa çıxır. Bu kömək liderliklə deyil, daha aşağı mövqelərlə bağlı ola bilər - yarışa liderlik edərkən məni buraxmağa icazə verəcəyini gözləməyəcəm. Bu onun üçün mənfi təcrübə olardı.
Mən yarışmaq üçün burdayam və əgər pilot məndən daha yaxşı çıxış edirsə, deməli, həqiqətən də daha yaxşıdır. Kiminsə hesabına titul qazanmaq istəmirəm. Bəli, çempion olmaq əla işdir, qısamüddətli perspektivdə xoşbəxt olardım, amma uzunmüddətli perspektivdə belə bir qələbə ilə fəxr edəcəyimi düşünmürəm. Maksı və digər rəqibləri məğlub edərək, həqiqətən də ən yaxşı olduğumu sübut edərək qalib gəlmək istəyirəm” – Norris vurğulayıb.