“10 noyabr bəyanatının 9-cu bəndi yerinə yetiriləcək, Rusiya və İranın bunun belə olacağına dair dəqiq mövqeyi var”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatına açıqlamasında tanınmış beynəlxalq məsələlər üzrə ekspert Qriqori Balasanyan bildirib.
Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan arasında 2020-ci il noyabrın 10-da imzalanmış sənədin 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Rusiya FTX-nin nəzarəti altında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinə təminat verir.
Balasanyanın sözlərinə görə, Ermənistan ciddi təzyiqlərə məruz qalır, o cümlədən Qazaxıstan uranını Ermənistan və Türkiyədən keçərək Avropaya daşımaq üçün bu dəhlizə ehtiyacı olan Qərb də təsir vasitəsindən istifadə edir.
“10 noyabr bəyanatının məntiqindən belə çıxır ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədçiləri arasında dayanmalıdır”, Balasanyan qeyd edib.
Qriqoryan izah edib ki, söhbət bütün Zəngəzur dəhlizinə yox, sərhəd məntəqəsinə nəzarətdən gedir.
“Bəyanatda Ermənistanın nəzarət etməməsi ilə bağlı heç bir bənd yoxdur. Üstəlik, 2021-ci ildə Overçuk iki dəfə bildirib ki, Ermənistan və Azərbaycanın yolları bu ölkələrin yurisdiksiyasında olacaq”, – deyə beynəlxalq ekspert bildirib.
İlkanə Şəvəqqət,
KONKRET.az