AZ

İstanbulda türkdilli dövlətlərin iqtisadi gücü və ticarət imkanları müzakirə olunub

İstanbul, 13 sentyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda “Türk dövlətlərinin iqtisadi gücü və Türk Ticarət Sərgisinin yaradacağı imkanlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, noyabr ayında İstanbulda ilk dəfə keçiriləcək Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) çərçivəsində təşkil olunan tədbirdə türkdilli ölkələrin iqtisadi gücü və ticarət əlaqələri ətrafında fikir mübadilələri aparılıb.

Mərasim Bolqar Türkləri Mədəniyyət və Xidmət Dərnəyinin (BULTÜRK) ev sahibliyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev, BULTÜRK-ün sədri Rafet Ulutürk, Türkiyənin Ticarət Universitetinin rektoru Abdulhamit Avşar, ROK Beynəlxalq Konsaltinq Şirkətinin rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyeva və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Natiqlər türkdilli ölkələr arasındakı əlaqələrin hər il daha da inkişaf etdiyi, bu münasibətlərin dünya üçün nümunə olduğunu vurğulayıblar.

Bildirilib ki, noyabrda keçiriləcək və bütün türkdilli ölkələri əhatə edəcək sərgi Türk dövlətləri arasında güclü ticarət körpüləri yaradacaq. Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətlərin inkişaf etdirilməsi məqsədi daşıyan Türk Ticarət Sərgisi dövlət qurumları tərəfindən dəstəklənən platformadır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azertag.az

1Mənbələr