Cari ilin yanvar–avqust aylarında əsas kapitala 11 milyard 216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 3,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı, 4 milyard 287 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1 milyard 343 milyon manatı (12 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 9 milyard 316 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 8 milyard 91 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Yuxarıda qeyd edilən rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti iqtisadiyyatın bir çox sahələrində önəmli layihələrin icrasını şərtləndirir. Son bir neçə ildir ki, respublikamızda milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır.