Bank dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirak edəcək
İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, nazir Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşündə ölkəmizin bankla müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri müzakirə edilib.
Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə bankla enerji, xüsusilə, bərpaolunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Tərəflər AYİB-in Azərbaycanda dövlət–özəl tərəfdaşlığı, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihələrinə, eləcə də COP29 çərçivəsində bank ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində ölkəmizdə pilot layihə həyata keçirilməsi qərara alınıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu layihənin icrası ilə əlaqədar Nazirlər Kabinetinə, eləcə də aidiyyəti dövlət qurumlarına zəruri tədbirlər görülməsi tapşırılıb.
Dövlətimizin başçısının dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı imzaladığı sərəncam əhalinin suya olan tələbatının ödənilməsinin, hər zaman olduğu kimi, yenə də diqqət mərkəzində saxlanmasından xəbər verir. Ölkə rəhbərinin alternativ su mənbələrinin işlənilməsi, o cümlədən dəniz suyunun şirinləşdirilməsi ilə bağlı imzaladığı sənədlər, bu sahədə qəbul olunmuş qərarlar ölkədə su qıtlığının aradan qaldırılmasına, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsinə yönəlib.