AZ

Baykalın sirləri: “Şeytan burulğanı”, “Amfibiya adam”

Sirli Baykal gölü! Doğma Bəygöl gölü!

Bu qiymətli su xəzinəsi haqqında Sibir türkləri arasında inanılmaz, qeyri-adi əfsanələr və əhvalatlar dolaşır.

Baykal gölü dünyanın ən dərin və planetimizin ən böyük göllərindən biri hesab olunur. Rusiya Federasiyasının ərazisində, Şərqi Sibirin cənub hissəsində, Buryatiya Respublikası ilə İrkutsk vilayətinin sərhədində yerləşən Baykal gölü 1996-cı ildən YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Baykal 31.722 kvadrat metr sahəsi olan nəhəng şirin su mənbəyidir. Gölün ən dərin nöqtəsi 1642 metrə çatır. Baykala Selenqa, Yuxarı Anqara, Barquzin kimi nəhəng çaylar və çoxlu sayda kiçik çaylar axır. Böyük Anqara çayı isə öz mənbəyini Baykaldan götürür.

Alimlərin fikrincə, Baykal gölünün yaranma tarixi bir neçə on milyon ilə gedib çıxır. Baykal haqqında ilk yazılı məlumat eramızdan əvvəl 110-cu ildə yazılmış Çin mənbələrində rast gəlinir. Lakin arxeoloji tədqiqatlar gölün hövzəsində təxminən eramızdan əvvəl 2-ci minillikdən etibarən insanların məskunlaşmasını təsdiqləməkdədir. Baykalın yerli sakinləri olan Buryat türkləri bu ərazilərin ən qədim sakinləri sayılır.

Buryatlar Baykal gölünü “Bayqal dalay” gölü də adlandırırlar.

Anqaranın sevgisi

Buryat mifologiyasında Baykal gölü, Anqara çayı və onun  Yenisey çayı ilə birləşməsi haqda şirin bir rəvayət söylənir. Rəvayətə görə, Baykalın 336 çay oğlu və Anqara adlı bir çay qızı varmış. Bütün çay oğullar öz ehtiyatlarını artırmaq üçün sularını Baykala - mənbəyə daşıyırmış. Ancaq mənbəyini göldən alan çay qız - Anqara Yeniseyə aşiq olur və Baykal gölünün sularını sevgilisinə daşımağa başlayır. Bu, Baykal atanın xoşuna gəlmir. O, hirslənərək qızına tərəf nəhəng bir qaya tullayır və onunla öz arasını kəsir. Həmin qaya “Şaman qayası” adlanır. “Şaman qayası” Anqara çayının düz mənbəyində yerləşir.

Əfsanənin digər versiyasında yenə Baykalın yeganə qızı olan Anqara Yeniseyə vurulur və ona qovuşmağa can atır.  Bundan xəbər tutan Baykal “Şaman qayası”nı Anqaranın  arxasınca ataraq onun yolunu kəsməyə çalışır. Lakin sevgisindən dönməyən Anqara Yeniseyə tələsərək öz yoluna davam edir. Baykal ata qızını dayandırmaq üçün qardaşı oğlu İrkutu Anqaranın arxasınca göndərir. Lakin İrkutun sevgidən dəli olan Anqaraya yazığı gəlir və onun arxasınca getmir. Beləliklə, Anqara ilə Yenisey qovuşur və onlar birlikdə qolboyun axmağa başlayırlar.

Baykalın gözəlliyi

Məşhur rus yazıçısı Anton Çexov Baykal gölünün vurğunu idi. O, Sibir xalqının “dəniz” adlandırdığı bu gözəl gölün heyranı olduğunu yazırdı: “Göyləri, buludları, gecələr ulduzları özündə əks etdirən bu mənalı gölün suyu o qədər safdır ki, sakitlikdə ona baxanda sanki səmaya  baxırsan. Onun yumşaq, firuzəyi unudulmaz rəngi görənləri valeh edir. Ətrafını sarmış yaşıl meşələr və dağlıq sahillər gölün gözəlliyini zənginləşdirməklə məşğuldur”.

Gölü əhatə edən sərt və vəhşi təbiətin qoynunda yaşayan ayı, samur, vəhşi keçi və müxtəlif heyvanlar min illərdir ki, buranı özlərinə vətən seçiblər. Eyni zamanda Baykalda çoxlu adalar var. Onların arasında ən böyük ada Olxon adasıdır. Bu ada bölgənin ən günəşli adası hesab olunur.  Burada ildə 300 gündən çox təmiz hava və hərarət olur. Şamanlar ənənəvi olaraq öz ayinlərini bu adada yerinə yetirməyə üstünlük verirlər.

Keçmişdən gələnlər

Bu sirli dəniz-göldə insanları nağıllar aləminə, mifik dünyaya aparan qeyri-adi hadisələr baş verir. Belə ki, gölün səthində tez-tez müxtəlif məna verən maraqlı formada mirajlar görünür. Məsələn, suların üstündə peyda olan miraj yaşıl meşəli ada, yaxud yaraşıqlı məbəd formasında ola bilir. Artıq buradakı sakinlər su üzərində üzən müxtəlif formalı şəhərciklər görməyə öyrəncəlidirlər. Hətta bəziləri bu görüntülərin keçmişdən gələ biləcəyini də söyləyirlər. Alimlərin fikrincə, ilğımların görünməsi  rezonansla əlaqəli ola bilər. Çünki Baykalın dərin suları hətta qızmar yayda belə kifayət qədər isinmir, yalnız suyun üst qatı istiləşir. Nəticədə müxtəlif sıxlıqlara malik hava təbəqələri günəş şüalarını sındırır, bunun nəticəsində də üfüqdə buradan xeyli uzaq məsafədə olan  obyektlərin əksini görmək mümkün olur. Ancaq bu da elmi dəlil deyil, sadəcə, bir ehtimaldır.

Nəhəng dairələr, qədim divarlar

İlğımlardan əlavə, Baykal gölünün buzlaqlarında da çox  qəribə böyük buz dairələr əmələ gəlir. Baykalda nəhəng buz qatları ilk dəfə 1999-cu ildə aşkar edilib. Doğrudur, göldə hər zaman müxtəlif ölçülü buz layları əmələ gəlib. Ancaq son illərdə rast gəlinən bu dairələr o qədər nəhəngdirlər ki, yer səthindən görünmürlər. Onları yalnız kosmosdan görmək mümkün olur.

Alimlər xeyli müddətdir, bu buz dairələrini müşahidə edirlər. Lakin hələ də onların mənşəyi ilə bağlı yekun bir qərara gələ bilməyiblər. Mütəxəssislərin hələlik gəldiyi nəticə budur ki, bu buz halqaları gölün dibindən metan qazının püskürməsi nəticəsində yaranır.

Başqa bir anlaşılmaz məsələ, gölün bütün perimetri boyunca görünən qədim divarlardır. Tarixçilərin fikrincə, bu divarlar bu yerlərdə yaşayan qədim tayfalar  tərəfindən tikilib və böyük ehtimalla istehkam məqsədlidir. Bu divarları inşa etmək üçün insanlar uzaqlarda yerləşən nəhəng daşları söküb buraya gətirmişlər. Həmin tikililərin də dəqiq təyinatı hələlik sual altındadır.

Müəmmalı işıq fenomeni və “Axirət qapısı”

Bəs Baykal gölünün dərinliyindən parlayan möcüzəvi işıqları haqqında eşitmisinizmi? Bir çoxları bu heyrətamiz hadisənin şahidi olub. Təbii ki, okean suları da parlaya bilir. Bu, həmin  sularda işıq yaymağa qadir kiçik mikroorqanizmlərin mövcudluğu ilə əlaqəlidir. Lakin müəmma orasındadır ki, Baykalda belə mikroorqanizmlər mövcud deyil. Ona görə də göldən yayılan işıq fenomeni eyni səbəblə izah edilə bilməz. Baykalın sularının hansı səbəbdən parlaması hələ də elmi cəhətdən izah edilməyib.

Baykal tədqiqatçılarını təəccübləndirən olaylar bununla da bitmir. Göldə “Şeytan burulğanı” adlanan başqa bir fenomen də var. Baykal gölünün ən dərin hissəsi Olxon adasından 30 km cənub-şərqdə yerləşir. Hətta sakit havada belə, gölün həmin hissəsində dərin bir burulğan yaranır və nəhəng su kütlələrini sürətlə fırladaraq dövri kürə əmələ gətirir. Yerli sakinlər bu qorxunc və eyni zamanda möhtəşəm görüntünü Şaman inancı ilə əlaqələndirirlər. İnanca görə Baykalın dibində o biri dünyaya giriş qapısı var və qapı hər dəfə azacıq açılanda bu hadisə baş verir.

Alimlər burulğanın iki əks enerjili cərəyanın toqquşması nəticəsində yarana biləcəyi fikrini irəli sürürlər. Bəzi mütəxəssislər isə alimlərin bu fikrini fenomenin doğru izahı kimi qəbul edirlər.

Amfibiya adamlar realdır?

Baykal gölü ilə bağlı digər bir inanılmaz əhvalat, bu gölün sularında yaşayan 3 metrlik qəribə canlılarla bağlıdır. Bu canlıları gördüyünü iddia edən sakinlərin fikrincə, onların  bədənlərinin yarısı balıq, yarısı insan kimi olduğundan su pərilərinə çox bənzəyirlər. 1982-ci ildə Baykal gölündə hərbi dalğıc təlimləri keçirilmişdi. Dalğıclar gölün dərinliklərində “Amfibiya adam” romanının baş qəhrəmanı İxtiandra bənzər canlılar gördüklərini söyləmişdilər.

Amma deyilənlərə inansaq, bu qəribə canlıların boyu adi insan boyundan qat-qat hündürdür. Həmin canlıları görənlərin iddiasına görə onlar insan ola bilməzdi.

Həmin insanabənzər canlıları görən adamlar kifayət qədər ciddi olsalar da, təəssüf ki, bu canlıların real fotoşəkilləri, yaxud videoları hələlik yoxdur. Odur ki, onların varlığına dair tutarlı sübut təqdim edilməyənə  qədər bu söhbətlər fakt kimi qəbul edilə bilməz. Lakin təlim zamanı hərbi dalğıcların sularda insanabənzər məxluq görməyinin özü də Baykalı sirr burulğanına bürüməkdədir...

Bəli, Baykal öz dərinliklərində bu cür sirləri, qeyri-adi məlumatları saxlayan heyrətamiz və gözəl bir göldür. Təəssüflər olsun ki, gölün daxilində gedən fiziki, kimyəvi proseslər hələ də tam öyrənilməyib. Dünyada içməli su probleminin yaşandığı bir dövrdə təmiz, şirin su ilə zəngin Baykal gölü əvəzedilməz bir xəzinədir.

Yuxarıda nəql etdiyimiz yarımifik, yarıhəqiqətlər bir tərəfə, reallıq isə budur ki, Baykal gölü nadir təbiət incisi, planetin boynundan asılmış qiymətli bir yaqutdur.

Murad Köhnəqala

Seçilən
124
yeniazerbaycan.com

1Mənbələr