AZ

İnsanları niyə ölən kimi dəfn etmək olmaz? – Tibbi və dini İZAH

Tibbdə “klinik ölüm” deyilən bir anlayış var. Bu da o deməkdir ki, insan qısa zamanda ölmüş vəziyyətə düşə, həyati funksiyalarını itirmiş ola bilər. Amma bir müddət sonra həmin adam yenidən həyata qayıda bilər. Ona görə də dünyasını dəyişmiş insanı tez bir zamanda dəfn eləmək doğru deyil. Ən azından onun öldüyünə əmin olmaq üçün bir neçə saat gözləmək lazımdır.

Bəs, bu məsələdə tibb elmi nə deyir?
 

MÖVZU İLƏ BAĞLI:

Geri dönən HƏYAT – Klinik ölüm keçirənlər nə GÖRÜRLƏR?


Suala tibb üzrə elmlər doktoru Adil Qeybulla cavab verib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən adam öldükdən sonra həkim müayinəsindən keçirilməlidir:

“Yalnız həkim müayinəsindən sonra insanın öldüyü rəsmi şəkildə təsdiqini tapa bilər. Bundan sonra ölmüş adamın dəfni barədə düşünmək olar. Amma həkim müayinəsi olmadan ölmüş adamın qısa zamanda dəfn edilməsi doğru deyil”.

Bəs, bu barədə islam dini nə deyir?

İlahiyyatçı Tural İrfan sualı cavablandıraraq Bizim.Media-ya bildirib ki, müasir dövrü, şəraiti, tibbi imkanları nəzərə alsaq, ölünü dərhal dəfn etmək lazım deyil:

“Evdə vəfat edənlər üçün mütləq həkim çağırın. Çünki ölüm halı dəqiq təyin edilməlidir. Orta əsr böyük İslam hüquşünası və filosofu, Kardovada qazı işləmiş məşhur təbib İbn Rüşd Bibayətul muntəqid - Nihayətul müctəhid əsərində qeyd edir ki, bəzi xəstəliklərdən vəfat edən adamları 72 saat dəfn etmək lazım deyil. Çünki tibbi müdaxilə nəticəsində yaxud cismdə gedən təbii proseslər nəticəsində fərqli həyat təzahürləri oyana bilər. Buna dövrümüzdə “kliniki ölüm” deyirlər”.

Müsahibimiz bir maraqlı faktı da xatırladıb:

“Orta əsrlərdə Avropada vəfat edən adamların qəbirdə əlinə ip bağlayıb ipin bir ucunu da çöldə zınqırova bənd edirmişlər ki, əgər dirilsə, tərpənsə zəng çalınsın. Bir neçə nəfər də məzarın başında bir neçə gün gözləyirmiş. Bu, şübhəsiz ki, tibbin inkişaf etmədiyi zamanlara və xurafatın tüğyan etdiyi dövrə aiddir. Amma indi tibb tərəqqi edib. Ona görə də ölmüş adamı həkim müayinə etmədən dəfn etmək olmaz”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
147
7
bizim.media

7Mənbələr