AZ

Azərbaycada "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Artıq 8 ildir Bakıda keçirilən "Formula 1" yarışının başlamasına saatlar qalıb. Dünyanın dörd bir yanından Azərbaycana gələn turistlər və paytaxt küçələrində şütüyən yarış maşınları artıq bir neçə ildir ki, küləklər şəhərini bəzəyir.

Bəs "Formula 1" yarışı Azərbaycan iqtisadiyyatına öz təsirini necə göstərir? Hər il bu yarış üçün büdcədən nə qədər vəsait ayrılır?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, “Formula 1” yalnız idman yarışı yox, bütövlükdə regionun ictimai, siyasi, mədəni həyatına köklü təsir edən ciddi hadisədir. 

“Xüsusən İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində və antiterror tədbirlərində böyük Zəfərinin ardınca regionda münaqişələrə özünün maraqlarının təmini üsulu kimi baxan çoxsaylı qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığı bir dövrdə bu yarışların Azərbaycanda keçirilməsi ölkəmizin informasiya müharibəsində çox ciddi üstünlüyü, habelə reallıqları qlobal mühitə kommunikasiya etmək üçün önəmli imkanı hesab olunmalıdır. Bu mənada, "Formula 1"-ə ilk növbədə ciddi siyasi hadisə kimi yanaşmaq indiki məqamda çox doğru olar. Qeyd etdiyimiz kimi, "Formula 1 " həm də ciddi iqtisadi hadisədir və qlobal miqyasda bu yarışlara artan maraq fonunda Azərbaycanın ev sahibliyi ölkəmizə turist axını, həmçinin otel-qonaqlama xidmət sferasının əlavə canlanması deməkdir”. 

Millət vəkili deyir ki, tədbirin zəngin mədəni proqramı, dünya səviyyəli mədəniyyət və incəsət xadimlərinin yarışlar çərçivəsində Bakıda çıxışı yarış çərçivəsində qlobal mədəni mühitin nəbzinin Bakıda döyünməsi deməkdir. Heç şübhəsiz ki, bu da öz növbəsində Azərbaycana olan diqqət və marağın birmənalı şəkildə artımı ilə nəticələnən prosesdir. "Formula 1" elitar yarış sayılır və yalnız sabit, təhlükəsiz ölkələrdə realizə olunur. Bu mənada, Azərbaycanda "Formula 1" yarışlarının artıq səkkizinci dəfə təşkil edilməsi, Prezidentin də qeyd etdiyi kimi, ölkəmizin sabitlik və təhlükəsizlik adası olmasına dəlalət edir: 

“Bu, qlobal miqyasda Azərbaycana artan uğursuz hücumlar fonunda ölkəmizin real uğuru və Azərbaycanın güc və imkanlarının, habelə əldə olunan sabitliyin təntənəsi deməkdir. "Formula 1"-in təşkili ilə əlaqədar ev sahibliyi edən şəhərdə müəyyən problemlərin meydana çıxması ilə əlaqədar deyilənlərə gəlincə, sirr deyil ki, şəhərin mərkəzində dünyamiqyaslı yarışların təşkili müəyyən məhdudlaşdırmaları zərurətə çevirir. Lakin unutmamalıyıq ki, bu məhdudlaşdırmalar çox qısa zamanı əhatə edir və milli maraqlarımız, habelə qlobal miqyasda artan nüfuzumuzla müqayisədə, ümumiyyətlə, gözə görünmür”.

Saytımıza açıqlama verən digər müsahibimiz iqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, "Formula 1" yarışları kifayət qədər populyardır:

“Dünyada bu yarışın təqribən 500 milyon auditoriyası var. Futbol, tennis və basketboldan sonra “Forumula 1” yarışı auditoriyasına görə dördüncü yerdə dayanır. “Formula 1” yarışları keçirən ölkə turizim baxımından dünyaya açılırsa, əlbəttə oradan qazanc da əldə edir.

“Vəsait məsələsinə gəldikdə isə "Formula 1" yarışlarının keçirilməsinə hər il Azərbaycan 50-80 milyon arası vəsait xərcləyir. Bu, hökumətin hesabatlarında verilir. Amma əldə olan gəlirlər ilə bağlı ayrıca hesabat görmürük. Təbii ki, turistlərin gəlişindən və bilet satışından müəyyən miqdarda gəlir əldə olunur. Amma bununla bağlı ayrıca məlumat verilmir”, - deyə ekspert sonda bildirdi.

Mədinə Useynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
operativmm.az

1Mənbələr