AZ

Fasilə başa çatdı: qələbə axtarışı və seriyanı davam etdirmək arzusu

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. Açılış oyununda “Kəpəz” “Araz-Naxçıvan”ın qonağı olacaq.

Lider “Turan Tovuz” “Sabah”la, “Qarabağ” isə “Səbail”lə üz-üzə gələcək. Qələbəsiz “Neftçi”nin rəqibi “Zirə” olacaq, “Sumqayıt” isə Şamaxı səfərinə yollanacaq.

13 sentyabr / 19:30 Araz-Naxçıvan – Kəpəz

Premyer Liqada qələbəsiz iki komandadan biri olan “Kəpəz” baş məşqçi dəyişikliyinə getdi və komandanın sükanı Azər Bağırova tapşırıldı. Maraqlıdır ki, mütəxəssisin gəncəlilərlə ilk sınağı sabiq klubu “Araz-Naxçıvan”a qarşı olacaq. Bu komandadakı işi ilə diqqət çəkən Bağırov ötən mövsümün birinci dövrəsində adından müsbət mənada söz etdirməyi bacarmışdı.

“Araz-Naxçıvan” isə son turlarda yaxşı performans göstərən komandalardandır. Son olaraq “Sumqayıt” səfərindən qələbə ilə dönən Elmar Baxşıyevin kollektivi indi “Kəpəz”i məğlub etməklə uğurlu seriyanı davam etdirmək istəyir. Gəncə klubunda baş məşqçisi dəyişikliyi yaşanıb və “sarı-göylər”in hansı üslubda oynayacağı maraqla gözlənilir. Bu baxımdan Baxşıyev üçün “Kəpəz”i təhlil etmək çətindir.

14 sentyabr / 16:30 Şamaxı – Sumqayıt

Premyer Liqanın debütantı “Şamaxı” autsayder qismində göstərilsə də, nəticələri və oyunu qənaətbəxşdir. Ayxan Abbasov yaxşı komanda qura bilib və nəticəyə oynamağı bacarır. “Sumqayıt” fasiləyə qədər enişdə idi və bu iki həftəlik müddətin necə dəyərləndirildiyini oyunda görəcəyik. Qarşılaşmanın favoriti yoxdur və demək olar, hər iki komanda aşağı-yuxarı eyni səviyyədədir. Meydan amili “Şamaxı”dan yanadır. Üstəlik, süni örtüklü meydançada oynamaq “kimyaçılar”a çətinlik yarada bilər. Zədə qorxusu ehtiyatlı davranışa səbəb olacaq və bu baxımdan meydanda o qədər rahat oynamaq asan olmayacaq.

14 sentyabr / 19:00 Qarabağ – Səbail

“Qarabağ” bu mövsüm 4 oyunda artıq bir məğlubiyyət yaşayıb. Son ev oyununda “Turan Tovuz”a uduzan “atlılar” bunu unutdurmaq üçün “Səbail”i məğlub etməyə çalışacaq. Görüşün aşkar favoriti “Qarabağ”dır. Buna baxmayaraq, “atlılar”ın növbəti həftə Avropa Liqasında “Tottenhem”lə oyunu var və baş məşqçi Qurban Qurbanov “dənizçilər”lə matça AL görüşünə hazırlıq kimi çıxacaq. Komandaların səviyyəsi ortadadır və “Qarabağ”ın rahat qələbə qazanacağı ehtimal edilir. Görüşdə yeni transfer Aleksey Kaşukun da “atlılar”da debütünü izləyəcəyik.

“Səbail” isə hələ oyununu tapa bilməyib. Komanda 5 turdan sonra cəmi 1 qələbə qazanıb. Matçlarda bəzən birinci, bəzən ikinci hissəni yaxşı oynayan “dənizçilər” oyununu 90 dəqiqəyə yaya bilmir. Yeni transferlərin uyğunlaşması üçün iki həftəlik fasilə vacib idi. “Qarabağ” qarşısında “Səbail”in indi hansı vəziyyətdə olduğu daha dəqiq görünəcək.

15 sentyabr / 18:00 Zirə – Neftçi

Premyer Liqada turun ən vacib oyunlarından biri Zirədə olacaq. Çempionatda 5 turdan sonra qələbəsi olmayan “Neftçi” burada mövsümün uğurlu komandalarından “Zirə”nin qonağı olacaq. Görüşdə favorit yoxdur. Lakin “Zirə”nin meydan sahibi olması, komandanın bu mövsüm yaxşı və hücum futbolu oynaması, “Neftçi”də isə problemlərin qabarıqlığı “qartallar”ı bir addım öndə göstərir.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk fasilədən öncə komandanın daha yaxşı olacağını bildirmişdi. “Zirə” ilə matçdakı uğursuz nəticə narazılıqları daha artıra bilər. 5 oyunda qələbə qazanmamaq “Neftçi”yə yaraşmır və hədəfi, iddiası çempionluq olan “ağ-qaralar” artıq zirvə yarışından uzaq düşüb. Qriqorçuk azarkeşlərini yenidən ruhlandırmaq, yarışa daxil olmaq üçün mütləq qələbə qazanmalıdır.

15 sentyabr / 20:30 Sabah – Turan Tovuz

Çempionatın sürpriz lideri “Turan Tovuz” fasilədən sonrakı ilk sınağını Masazırda verəcək. 5 turda qol buraxmayan və ultramüdafiə oyunu ilə diqqət çəkən tovuzlular ardıcıl 4 qələbə ilə çempionatda birinci sıranı tutub. Kurban Berdıyevin komandası müdafiədə nə qədər güclüdürsə, əks-hücumlarda da bir o qədər təhlükəlidir. “Sabah”a qarşı da komandanın əsas silahı bu olacaq.

“Sabah” da son turların uğurlu komandasıdır. Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv hücumda yaxşı olsa da, müdafiədə problemlər var. Demək olar, hər matç qol buraxan “futuristlər” bu dəfə ehtiyatlı davranmalıdır. Çünki buraxılacaq qoldan sonra ekstra bağlana bilən “Turan Tovuz”un müdafiəsini yarmaq asan iş olmayacaq.

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
futbolpress.az

1Mənbələr