AZ

Manaf Ağayevi toyda döyməyə hünəriniz çatar? 

Mən sənət adamlarının döyülməsinin qəti əleyhinəyəm. Nə dəxli var, döyülən adam Rəşid Behbudov məktəbini keçib, yoxsa Elarizin mikrofondaşıyanı olub... 

Sənət adamı, ümumiyyətlə, hər bir adam hörmətə layiqdir. Düzdür, hörməti insanın özü qazanır. Əməli, hərəkətləri ilə. Amma kiminsə bunu qabiliyyəti çatmırsa, bizim qanacağımız çatmalıdır. 

Sənəti ucuzlaşdırmaq olmaz. Sənət ucuzlaşanda sənət adamı da ucuzlaşır, hörmətdən düşür. Adamın hörməti olmayanda isə başıqapazlı olur... vakansiyalar

Müğənni Kərimin toyda döyülməsi yaxşı hal deyil, kədərli hadisədir. Birincisi ona görə ki, adam döymək vəhşilikdir. Bu, konkret cinayət əməlidir. Sözsüz ki, asayiş keşikçilərimiz Kərimi döyənlərin toyda yediklərini burnundan gətirəcək. Məsələnin ən pis tərəfi isə odur ki, durduğu yerdə camaatın toyuna qan-qaraçılığı salırlar. Toy əylənmək, sevinmək, sevinci bölüşmək üçündür. Məclis sahibinin sevincinə şərik çıxa bilmirsənsə, heç olmasa, belə əziz gündə camaatı dilxor etmə. Otur bir küncdə, aşını, bozbaşını ye, çıx get evinə! Axı mən niyə toydan çıxıb polis bölməsində izahat yazmalıyam?! Niyə 15-20 adam da şahid qismində dindirilməlidir?

“Niyə”sini mətbuat açıqlayıb. Sən demə, Kərim fonoqrama ilə oxuduğuna görə döyülüb...  

Sənətin təəssübünü çəkmək yaxşı haldır. Amma bunu şillə-təpiksiz də etmək olar. Məsələn, adam balası kimi Kərimə demək olar ki, canlı ifa etsin...

Biz azərbaycanlılar məclis adamıyıq. Həftədə ən az 2 dəfə xeyir-şər məclislərində iştirak edirik. Məsələn, mən 17 il əvvəl bir həmkəndlimin dəfn mərasimində tanış olduğum mollanı axşam toyda tamadalıq edərkən görmüşdüm. Başqa bir toyda isə illərlə valideynlərinin qapısını açmayan adamın “Ana” seygahının sədaları altında hönkür-hönkür ağladığının şahidi olmuşdum. Arvadı, 2 uşağı ilə toya gəlib doyunca yeyib-içəndən sonra bəylə gəlinə xitabən “yaxşı gündə də, pis gündə də arxanızdayam” deyən əminin evə gedəndə pul yazdırmağı “unutduğunu” da eşitmişəm...

Toylarda bu cür əndərəbadi hadisələr arağa görə baş verir. Əminəm ki, Kərimə əl qaldıranlar da içkili olublar. Həmin adamlara bir sualım var: Həmin toyda Kərim Abbasov deyil, Manaf Ağayev fonoqramla oxusaydı, onu döyməyə hünəriniz çatardımı? 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
yenisabah.az

2Mənbələr