Son günlərdə Azərbaycan və Ermənistan arasında sülh dabışıqları ilə bağlı məsələlər yenidən aktuallaşıb. Erməni baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın ziddiyyətli açıqlamaları məsələyə yenidən baxmaq və təhlil etmək zərurəti yaradır. Suallarımızı VII çağırış parlament seçkilərinin qalib namizədi, siyasi şərhçi Arzu Nağıyev cavablandırır:
- Ermənistan baş naziri Nikol Paşinyan yenidən ziddiyyətli sülh açıqlaması ilə yadda qaldı...
- Ermənistan baş naziri bir neçə məsələ istisna olunmaqla, qalan müddəaların razılaşdırılması ilə bağlı bəyanat verib. Burada əsas məsələ Azərbaycana qarşı olan ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılmasının labüdlüyüdür. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi məsələsi, eyni zamanda, müstəqillik aktına istinad etmələri ilə bağlı problemlər var. Bu, gələcəkdə, hətta müqavilə bağlandıqdan sonra Ermənistan parlamentində ratifikasya olunmalı, dəyişməlidir. Onun dəyişdirilməsi isə iddia edildiyi kimi, referendum yolu ilə ola bilər. Son zamanlar erməni siyasətçilər referendumun 2027-ci ildə ola biləcəyini iddia edir. Görünən budur ki, nəyin bahasına olursa-olsun Ermənistanda bu prosesi uzatmaq, status-kvonu saxlamağa çalışırlar. Gələcəkdə yenə də torpaq iddiası problemlərinin yaradılması üçün bu sənəd hüquqi və siyasi akt kimi ortaya qoyula bilər.
Eyni zamanda, Ermənistan öz əməlləri ilə bağlı mövcud problemləri Azərbaycanın üzərinə yükləməyə çalışır və Konstitusiyamızda torpaq iddiasının olduğunu iddia edir, bunu tez-tez gündəmə gətirirlər. Təbii ki, bu absurddur. Əvvəla, indiki Ermənistan Ermənistan SSR-nin, müstəqil Azərbaycan Respublikası isə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. Azərbaycan AXC dövründə bu regionda çox böyük arealda olan torpaqlara malik idi. Əgər Ermənistan belə dərinə gedirsə, yenə də uduzacaq. Azərbaycanın heç vaxt kimsənin torpaqlarında gözü olmayıb və belə bir iddiası yoxdur. Paralel olaraq qeyd edək ki, azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, deportasiyaya məruz qalıblar. O yerlər Qərbi Azərbaycandır. Çoxsaylı azərbaycanlılar həmin ərazilərdə yaşayıb və tarixin müəyyən mərhələlərində 4 dəfə deportasiyaya məruz qoyulmaqla öz tarixi yurdlarını tərk ediblər. Ermənilər har hansı iddialar ortaya qoysalar da, bu məsələni qaldırmaq bizim hüquqi haqqımızdır.
- Paşinyan sentyabrın 10-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərini önə çəkərək sülh sazişindən sonra prosesin başqa prinsiplərə uyğun davam etdiriləcəyini deyib. Hansı başqa prinsiplərdən söhbət gedir?
-Paşinyan bir neçə müddəa irəli sürüb. Məlumdur ki, ortada 1991-ci ilin Almatı bəyannaməsi var, demarkasiya və delimitasiya prosesi gedir. Eyni zamanda, bu, yekun razılaşma deyil. On üç kilometr ərazi delimitasiya olunub. Bu proses davam etməlidir. Bunun üçün də delimitasiya, demarkasiya ilə bağlı birgə işçi qrupu yaradılıb, öz işini davam etdirməlidir. Bu, ən ciddi məsələlərdən biridir. Son vaxtlar erməni baş naziri özü də demarkasiya olunan yerlərə baş çəkib və həmin ərazilərin son 30 ildə təhlükəsiz zona olduğunu bəyan edib. Təbii ki, Ermənistan sülhə imza atmağa məcburdur. Vaxtı uzatmaqla, müxtəlif manevrlərlə prosesdən qazanclı çıxmağa çalışacaq.
Ermənistanın bu manevrləri Azərbaycan Prezidentinin İtaliyada Çernobbio forumunda olarkən çıxışlarında da ortaya qoydu. Prezidentimiz bəyan etdi ki, sülh müqaviləsinin 80 faizi əsasən razlaşdırılıb. Bir daha qeyd etdi ki, sərhəddə 13 kilometr hissə delimitasiya edilib. Əgər Ermənistan son vaxtlar Qərbin təxribatçı fəaliyyətlərinə boyun əyməsə, proses davam edə bilər. Təəssüf doğuran məqam bundan ibarətdir ki, məhz Qərbin bu prosesə maneçilik törətməsi sülhün bərqərar olmasına zərbə vuran əsas amillərdən biridir. Ermənistan bölgədə Qərbə xoş getsin deyə, problemi uzatmaq istəyir.
- Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları bu dəfə erməni spikerin dilindən səsləndi. Spiker ermənilərin guya zorla Qarabağdan deportasiya olunduğunu bəyan edir. Ermənistan bu cür "oyunları" ilə nə etməyə çalışır?
- Əsassız iddialarla çıxış edən Ermənistan spikeri qondarma deportasiya məsələsini gündəmə gətirir. Məlumdur ki, sentyabr ayında antiterror əməliyyatı keçirilən zaman mübarizəmiz terrorçularla olduğu üçün dəhliz açıq saxlanmışdı. Hər kəs özünün təhlükəsizliyi baxımından rahatlıqla bölgəni tərk edə bilərdi. Hətta bu imkandan separatçılar özləri də yararlana bilərdilər. Ona görə də Azərbaycan tərəfindən mülki əhaliyə qarşı heç bir təxribatdan, zor tətbiqindən söhbət gedə bilməz. Prezident dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən, sülh, dinc şəraitdə yaşamaq istəyən ermənilərin də digər xalqlar kimi bütün hüquqlarının tanınacağını, təhlükəsizliyinin qorunacağını bildirmişdi. Ona görə də Ermənistan spikerinin verdiyi bu bəyanatlar absurddur. Separtçıların qondarma qurumu Ermənistanda fəaliyyət göstərdikcə, təxribatçı addımlar davam edəcəkdir. Ermənistanda qondarma qurumun fəaliyyəti davam etdikcə, sülh prosesi zərbə altında qalacaq. Paşinyanın da bu “nümayəndəliklərin” bağlanmasına çalışdığı qeyd olunur. Ermənistanda toplaşan köhnə “Qarabağ klanı” aqibətlərini bildiyi üçün müxtəlif üsullarla özlərini qorumağa çalşır. Separatçı qüvvələrin həbs edilərək Bakıya gətirilməsi ən mühüm addımlardan idi və kimlərsə onları qorumağa çalışsa da, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
- Ermənistan işğalında qalan digər dörd kəndimizin geri qaytarılması məsələsi İrəvanda müzakirə obyektidir...
- Delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti ilə bağlı bir çox məqam var. Ermənistan konstitusiyasında dəyişiklik olandan sonra kəndlər də qaytarılacaq, sərhəd qoşunları da öz yerində oturacaq, ordu məsələsi də həll olunacaq. Yəni delimitasiya-demarkasiya prosesində 4 kəndin qaytarılmasından daha qlobal məsələlər var. Kəndlərin qaytarılması bu prosesdə gündəlik məsələdir ki, mütləq yerinə yetiriləcəkdir. Əsas məsələ konstitusiyanın dəyişdirilməsi, Azərbaycan torpaqlarına iddianın aradan qaldırılmasıdır.
- Ermənistan sülhdən danışır, amma paralel olaraq Naxçıvan, Kəlbəcər istiqamətlərindən atəşkəsi pozur, sərhəddə gərginlik yaratmağa çalışır. Bu vəziyyəti necə izah etmək olar?
- Bütün beynəlxalq görüşlərdən öncə, yaxud görüşlər gedə-gedə atəşkəsin pozulması ermənilərin adət etdiyi xəttdir. Harada onların zəif bəndləri varsa, o istiqamətdə atəşkəsi pozaraq özlərini daxili auditoriyaya göstərmək istəyirlər. Eyni zamanda, Azərbaycanın buna adekvat cavab verəcəyi gözləntisi ilə danışıqlara zərbə vurmaq istəyindədirlər. Harada atəşkəs pozulursa, diqqət o istiqamətə yönəlir və bu, danışıqların uzanmasına səbəb olur. Bu, məqsədyönlü şəkildə edilir. Çox vaxt ordu rəhbərliyi müxtəlif qüvvələrə qulluq edən kiçik zabitlərə, komandirlərə nəzarət edə bilmir. Bunlar revanşist qüvvələr, Qarabağda formalaşmış rejimə işləyən güclər ola bilər. Atəşkəsi pozmaq, sülhün bərqərar olmasının qarşısını almağa yönələn addımlardır. Azərbaycan bu təxribatlara hazırdır, müstəqil siyasətimiz var. Ermənistan isə diktə ilə siyasət aparır və bu, hərbdə də özünü qabarıq şəkildə göstərir.
- II Qarabağ müharibəsində Azərbaycanın haqlı davasını tanıyan Rusiya kənara çəkiləndən sonra önə çıxan ABŞ, Fransa Ermənistanı silahlandırıb, ona maliyyə yardımları göstərməklə bölgədə yeni müharibəyə nail ola bilərmi?
- Qərbin əsas məqsədlərindən biri regionda itirdiyi nüfuzunu yenidən bərpa etməkdir. Məlum məsələdir ki, 44 günlük müharibədə əldə olunmuş qələbə Qərbi, əsasən də Fransa və digər dövlətləri əvvəllər istədikləri kimi özbaşına hərəkət etdikləri bu ərazilərdən, iqtisadi, siyasi, hərbi baxımdan əldə etdiyi gəlirlərdən məhrum buraxdı. Bu müharibədən sonra onlar regionda mövqelərini itirdilər və nə olur-olsun, onu bərpa etmək niyyətlərini gizlətmirlər. Buna maneə ola biləcək əsas şərtlərdən biri isə Azərbaycanın Ermənistan işğalçı qoşunları üzərindəki qələbəsi, Türkiyənin nüfuzunun bölgədə artması, eyni zamanda, Rusiyanın regionda olmasıdır. Məlum qüvvələr bu əsas üç faktoru azaltmağa, Rusiyanı isə tamamilə regiondan çıxarmağa çalışsalar da, buna nail ola bilməyəcəklər. Rusiya heç vaxt regiondan getməyəcək. NATO və Rusiya sərhədi – Türkiyə- Ermənistan sərhədi deməkdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və müxtəlif beynəlxalq səviyyəli qurumlarda Rusiya ilə birgə iştirak etməkdən imtina edir. Üstəlik, Rusiyanın Ermənistanda keçirilən foruma qatılmamasından narahatlıq ifadə edir. Yəni Ermənistan ikibaşlı oynayır. Digər tərəfdən, Qərb Ukraynada fiaskoya uğradıqdan sonra Moldovadan istifadə etdi, indi də Ermənistandan yararlanırlar. Gürcüstan, Azərbaycan Qərbin diktəsi, iradəsi ilə idarə oluna biləcək dövlətə çevrilmədi. Azərbaycan bütün bunları təhlil edir, izləyir. Ona görə də 3+3 formatını qabartmaqla regional münaqişələrin hansı böyük fəsadlara yol açdığını bir daha göstərmək istəyir. Prezidentin İtaliyada səfərdə olarkən etdiyi çıxış, COP29-la bağlı gedən hazırlıqlar, parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycanın dəyişməyən daxili, xarici siyasəti var. Əsas məsələ dövlətin suverenliyi, ərazi bütövlüyüdür və bu istiqamətdə ciddi addımlar atılır.
Eləcə də Rusiya, ABŞ, Fransa özlərinin daxili xarici siyasətlərində bu və ya digər şəkildə başqa dövlətlərə təsir etməyə çalışa bilərlər. Azərbaycan kimi müstəqil siyasət aparan dövlətlərə birbaşa təsir edə bilməzlər. Bizim güclü ordumuz var və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Dünyada ciddi tərəfdaşlarımız, türk dünyası var. Bütün bunlar nəzərə alınmalıdır və alınacaq. Buna görə də yeni müharibədən söhbət gedə blməz. Əsas məram və məqsəd sülh müqaviləsinin bağlanmasıdır. Regional dövlətlər, beynəlxalq müstəvi bunda maraqlı olmalıdır.