AZ

İran “Araz dəhlizi” ilə bağlı manipulyasiyalara yol verməyəcək - ŞƏRH

Alternativ layihənin ortaya çıxması onu göstərdi ki, mesaj ünvanlarına çatıb


Ermənistan üçtərəfli bəyannaməni təhrif etməkdə davam edir. Azərbaycan tərəfi isə mümkün olacaq halları nəzərdən keçirərək alternativ variantlardan da istifadə edə bilər. Bu variantlardan biri də İran üzərindən kommunikasiya xəttinin çəkilməsidir. Zəngəzur dəhlizi məsələsində qərəzli mövqe nümaiş etdirən İranın bu məsələyə müsbət yanaşması isə bir neçə sual doğurur.


 
Mövzu ilə bağlı   "Sherg.az"a açıqlama verən politoloq Yusif Bağırzadə deyib ki,  İran ərazisindən keçəcək “Araz dəhlizi” adlanan yeni kommunikasiya xətti Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanan "Qarşılıqlı Anlaşma Memorandumu” ilə razılaşdırılıb:

"Həmin razılaşmaya əsasən Araz çayı üzərindən ikisi dəmiryolu, digər ikisi isə avtomobil yolu olmaqla yeni yolların tikintisi həyata keçiriməlidir. Həmin dəmir və avtomobil yolları Naxçıvana və əks istiqamətə yüklərin və sərnişinlərin daşınmasını həyata keçirəcək.
Azərbaycan olaraq bu layihənin icrasına başlamağımız Ermənistanın Zəngəzur dəhlizi ətrafında başlatdığı siyasi oyunlara cavab olaraq ortaya çıxdı. Bununla da biz Zəngəzur dəhlizi olmadan da Naxçıvanla qısa quru əlaqəsi yarada biləcəyimizin mesajını vermiş olduq. Bu mesaj təkcə Ermənistana deyil, həm də öz region maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edən beynəlxalq güclərə də ünvanlanan mesaj idi. 
“Araz dəhlizi” layihəsi ilə bağlı razılşmadan sonra Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi, yola nəzarətlə bağlı müxtəlif təkliflərin ortaya çıxması da onu göstərdi ki, mesaj ünvanlara çatıb. Ermənistan anlayıb ki, Zəngəzur dəhlizinin onun ərazisindən keçməsi Azərbaycan qarşı hansısa şərtlər irəli sürməyə imkan verməyəcək, çünki alternativ var. İranın hər hansı regional və beynəlxaq layihədə iştirakının əleyhinə olan Qərb isə başa düşüb ki, Zəngəzur dəhlizi ilə bağlı məsələni tezləşdirmək şərtdir. İndi ortada sadəcə həmin dəhlizə nəzarətlə bağlı fikir ayrılıqları qalıb ki, bu da zamanla öz həllini tapacaq"

Ekspert kommunikasiya xəttinin İran üzərindən keçməsi və yaranacaq hər hansısa bir fikir ayrılığında İranın bu yolu bağlama ehtimalından da danışıb:

"İranın yolu bağlama ehtimalına gəldikdə hər şey mümkündür. Amma İran da gözəl başa düşür ki, hansısa bəhanələrlə yolun bağlanması ilk növbədə onun öz maraqlarına zərbə vurmuş olar. Belə ki, hər nə qədər uzaq olsa da Bakı-Tbilisi-Qars dəmir və avtomobil yolları mövcuddur və həmin yolun Naxçıvana qədər uzanması elə də çətin məsələ deyil. Bunun üçün bütün imkanlar var və bu istiqamətdə işlər də görülür. İkinci bir tərəfdən həmin yol İrana əlavə imkanlar və maddi qazanc gətirəcək. Biz Azrərbaycan-İran münasibətlərinin ən pis vaxtında belə İran ərazisindən keçən və Naxçıvanı Azərbaycanın əsas hissəi ilə bağlayan yolu bağlamadığını görmüşük. Odur ki, indi də İran hər nə qədər etibarlı qonşu olmasa da öz maraqlarından çıxış edərək “Araz dəhlizi” ilə bağlı manipulyasiyalara yol verməyəcəyinin qənaətindəyəm".
Seçilən
151
sherg.az

1Mənbələr