AZ

Tərxan Paşazadə: “3000 şəhid məqaləsinin silinməsini hazırkı idarəçilərin qeyri-peşəkarlığıdır, iyrənc hərəkətdir”

“Son 5 ildir, demək olar, Vikipediyada fəaliyyətim olmayıb. Elektron ensiklopediyadan, xüsusilə, ingilisdilli, rusdilli məlumat bazasından yararlanmağa çalışıram. Vikipediyanı açıb baxmamışam, xəbərim yoxdur ki, oradan nə qədər məqalə siliblər. Lakin mövcud vəziyyəti təxmin edirəm. Vikipediyada fəaliyyət göstərdiyim dövrdə də ən çox müzakirə olunan məsələlərdən biri şəhid məqalələri olub. İdarəçilərdən biri mən idim və birmənalı münasibət bildirmişdik ki, şəhid məqalələrinə toxunmayaq, silinməsin. Hətta demişdim ki, çalışıb bu məqalələri inkişaf etdirmək lazımdır. Xarici ölkələrin vikipediyaçıları ilə də bu barədə danışmışdıq. Onların da təcrübələrindən yararlanmaq istədik. Hər ölkənin özünəxas müəyyən xüsusiyyətləri olur. Könüllülərlə birgə xarici ölkələrdə tədbirlərdə də olmuşduq. Müzakirələr əsasında dəqiqləşdirmişdik ki, belə məqalələri Vikipediyada saxlaya bilərik. Hətta məndə də müəyyən suallar yaranırdı ki, şəhid məqalələrini siləcəyiksə, necə siləcəyik? Ümumiyyətlə, silməliyikmi? AMEA-nın Mərkəzi Elmi Kitabxanasında da bununla bağlı toplantılarımız olmuşdu. Yekun qərarımız bu oldu ki, məqalələr silinməsin, təkmilləşdirilsin. Əks halda, Vikipediyanın mərkəzindən, beynəlxalq səviyyədə idarəçilərdən təsirlər varsa, “Viki kitab” layihəsində şəhidlərlə bağlı bütöv kataloq yaradılması mümkündür...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış araşdırmaçı-yazar, keçmiş vikipediyaçı Tərxan Paşazadə deyib. 

 

“Təbii ki, “Viki kitab” ənənəvi kitablar şəklində deyil, sadəcə layihənin adında “kitab” sözü var. Hazırda “Vikipediya" sahəsində fəaliyyət göstərmədiyim üçün heç oradakı vəziyyəti də bilmirəm. Maraqlı gəlmişdi ki, Azərbaycanın poçt markaları haqqında kataloq yaradılıb. Yəni şəhidlərin məqalələrini də ora köçürərək “Viki kitab” layihəsi həyata keçirmək olar. Araşdırmalar nəticəsində qənaətə gəldik ki, Vikipediyanın özündə də şəhid məqalələrini saxlamaq lazımdır, silinməsinə ehtiyac yoxdur, çünki  “AzViki” lokal bir layihədir. Vikipediyanın çoxlu dil bölmələri, qlobal səviyyədə fəaliyyət göstərən layihələri var. “AzViki”dən ən çox istifadə edənlər isə biz azərbaycanlılarıq. İngilis, almandilli, yaxud fransızdilli kimsə gəlib çox nadir hallarda orada araşdırma aparar. Dünyada böyük kütləyə malik dil daşıyıcıları olan insanlar üçün bizim layihələrimiz elə də ciddi əhəmiyyət kəsb etmir. Türkdilli toplumlar da bizim layihələrimizdən o qədər çox bəhrələnmirlər. İngilisdilli Vikipediyada bizim şəhidlərimiz haqqında məqalələr olmaya bilər, çünki onların kriteriyalarını həmin mövzuda məqalə qarşılamayacaq. Lakin Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlarımız haqqında məqalə birmənalı şəkildə olacaq. Buna heç bir maneə yoxdur. “AzViki”də isə bütün şəhidlərimiz haqqında məqalə olması mümkündür, burada da maneə yoxdur. Həm həssas məsələdir, həm milli dəyərlər baxımından vacib məqamdır. Şəhidlərimiz haqqında hətta biz özümüz də bir çox hallarda ətraflı məlumatlara malik deyilik. Araşdırmalar nəticəsində yeni məlumatlar ortaya çıxır. Mümkün qədər çalışmaq lazımdır ki, məqalələr Vikipediyada qalsın. Məsələn, Milli Qəhrəman Natiq Qasımov haqqında uzun illər çox adam məlumatlı deyildi. Əksəriyyət insan Milli Qəhrəman adı verilən ərəfədə məlumat əldə etmişdi. Dövlətin də bu məsələyə ciddi yanaşması nəticəsində Natiq Qasımov Milli Qəhrəman adını aldı”, - o bildirib. 

 

T.Paşazadənin sözlərinə görə, hazırda bu kriteriyaları daşıyacaq çox şəhid var: “Hər şey araşdırma nəticəsində ortaya çıxa bilər. Müğənnilərin, idmançıların və digərlərinin məqalələrinin saxlanılmasına gəlincə, Vikipediyanın standartları var. Onları Azərbaycan dilinə tərcümə ediblər, müəyyən şeyləri özləri əlavə edib, müəyyən şeyləri lokallaşdırıblar. Vikipediya qərar qəbul edib və buna uyğun saxlayıblar. Sözün açığı, Vikipediyada hazırda vəziyyət çox bərbaddır. Son illər Vikipediyadan uzqlaşandan sonra müşahidə edirəm ki, məqalələr silinir. Fəaliyyət göstərdiyim dövrlərdə, təxminən, müxtəlif dillərdə 10 mindən çox məqalə yaratmışdım. “AzViki”də minlərlə məqaləmi siliblər. Mən və mənim kimi xoşlamadıqları digər keçmiş Vikipediya idarəçiləri ilə prinsip aparıb belə hərəkət edirlər. Mən yox, başqası yazsaydı, bəlkə də, silməzdilər. Onlar belə bir mövqe sərgiləyirlər. İyrənc hərəkətdir. Hazırda şəhid məqalələrinin silinməsinin aktuallaşmasının əsas səbəbi cəmiyyət üçün daha həssas məsələ olmasıdır. Əslində isə təkcə şəhid məqalələri deyil, Azərbaycana aid on minlərlə çox vacib məqalələri də siliblər. Amma bu, ictimailəşməyib, təhlili aparılmayıb. 3000 şəhid məqaləsinin silinməsini hazırkı idarəçilərin qeyri-peşəkarlığı kimi qiymətləndirirəm. Digər tərəfdən, Vikipediyada müəyyən adamlar var ki, konkret pullu fəaliyyət göstərirlər. Onların öz maraqları var. Vikipediyaya gəlir mənbəyi kimi baxırlar. Məqalə kimin haqqındadırsa, birbaşa onun özündən, yaxud yaxınlarından pul əldə etməyə çalışırlar. Yaxud da müxtəlif layihələrə qoşulmaqla özlərinə gəlir mənbəyi yaradırlar. Əsas problem də məhz belə niyyətdə olmalarıdır. Mənim kimi uzun illər könüllü fəaliyyət göstərən vikipediyaçılar var idi, əsas hədəfimiz, niyyətimiz Azərbaycan dilində ensiklopediyanın inkişafı idi. Heç vaxt bundan pul qazanmaq niyyətində olmamışıq. Həmin niyyətdə olan adamlar üçün əlverişli fiqura çevrilmirdik. Buna görə də “Vikipediya"dan mümkün qədər uzaqlaşmağımız üçün bütün vasitələrdən istifadə etdilər. Gördüm ki, qalmağın heç bir mənası yoxdur və uzaqlaşdım...” 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Sentyabr 2024, 12:44   
Seçilən
96
pravda.az

1Mənbələr