Gəncə, 13 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 2024-2025-ci tədris ili üzrə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayaraq GDU-ya qəbul olan tələbələrlə görüş təşkil edilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektor Yusif Yusibov tələbələri təbrik edib, təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb. Bununla yanaşı, tələbələrə elmli, təhsilli, dövlətimizə layiq vətəndaş, peşəkar mütəxəssis və ixtisaslı kadr kimi yetişmək üçün özünü inkişaf etdirməklə bağlı tövsiyələrini verib və onlara daim lazımi dəstəyin veriləcəyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, universitetin Elmi Şurasının qərarına əsasən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024-2025-ci tədris ilinin payız semestri ərzində əlavə olaraq hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Həmçinin növbəti semestrlərdə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 bal aralığında olduğu və universitetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam edəcək.
Görüşdə universitetdə görülən işlər, qazanılan naliyyətlər və beynəlxalq əlaqələr haqqında məlumat verilib.