AZ

Antiterror tədbirləri - tariximizin qürur səhifəsi

Antiterror

Bakı, 13 sentyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu mühüm qələbələr qazandı. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etdi. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın Qələbəsi ilə nəticələndi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində ermənilər 3 il ərzində yeni təxribatlar törətməyə başladılar. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə 2023-cü ilin sentyabrın 2-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunda qondarma seçkilərin keçirilməsini dəstəklədi, hətta Qarabağdakı separatçı qurumu təbrik etdi. Sentyabrın 19-da isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdi. Bütün bu təxribatlar Azərbaycanın səbir kasasını doldurdu. Bu təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Bunu AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri professor Elxan Hüseynov bildirib.

“Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əskəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm hadisəsinə çevrildi. Məhz buna görə antiterror tədbirləri hər zaman tariximizin qürur səhifəsi olaraq xatırlanacaq”, - deyə o əlavə edib.

Professor bildirib ki, 44 günlük müharibə və lokal antiterror tədbirləri zamanı xalqımız Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi: “Dünyanın hansı guşəsində yaşamasından, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Prezident İlham Əliyevin yanında olduğunu bəyan etdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər”.

 

Seçilən
91
1
azertag.az

2Mənbələr