AZ

ATƏT müşahidəçiləri qovluqlarında Bakıdan nə apardılar?

Yekun hesabatla bağlı bədbin proqnozlar
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə ölkəni tərk etdikləri üçün görüş keçirdik. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri missiyanın Azərbaycana təzyiq göstərmək istəyənlərin marağına uyğun açıqlamalarına toxunub: “MSK ancaq seçki ilə məşğuldur. Mən bunu onların diqqətinə çatdırdım. Qeyd etdim ki, biz seçki ilə bağlı sizin konstruktiv fikirlərə diqqətlə yanaşacağıq. Amma ümumi olan fikirlər olub. ATƏT/DTİHB-in seçkilərin keçirilməsini irəli aparan təklifi olsa, biz buna açığıq”. Maraqlıdır ki, bu görüş barədə MSK-nın rəsmi saytında hər hansı xəbər yerləşdirilməyib.
Yada salaq ki, ATƏT-in Seçkiləri Müşahidə Missiyası  bəyan edib ki, 1 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib. Əvvəlki seçki komissiyalarından fərqli olaraq, bu dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu aralıq hesabat  hazırlamayıb.
ATƏT müşahidəçiləri qovluqlarında Bakıdan nə apardılar, yekun hesabatlarının necə olacağı gözlənilir?

Elşad Musayev 
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 1 sentyabr parlament seçkilərini müşahidə missiyası düzgün, qərəzsiz müşahidə aparmalı, həqiqətə uyğun hesabat verməlidir. Müşahidə missiyası tərəfsiz olmalıdır və çatışmazlıqları qeyd etdiyi kimi, müsbət halları da qeyd eləməlidir: “Yalnız belə olduğu halda  hazırlanan hesabat ədalətli sayılar. Lakin  müşahidə missiyasının ilkin rəylərində tərəf kimi çıxış etdikləri, məsələyə siyasi mövqe ortaya qoymaq cəhdləri hiss olunur. Bu, ötən növbədənkənar prezident seçkisində də görünürdü. İndi isə daha aydın görünür ki, ATƏT-in müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin nəticələrini bütün vasitələrlə şübhə altına almaq xətti götürüblər. Əvvəlcədən də bu hiss olunurdu. Yəni onların sanki əslində məqsədləri müşahidəçilik aparmaqda çox seçkilərin nəticələrini şübhə altına almaqdır. Növbədənkənar prezident seçkisində bu məqsədə nail ola bilmədilər. Hesab edirəm ki, 1 sentyabr parlament seçkiləri ilə bağlı da nail ola bilmədilər. Bunda sonra hansı yekun hesabatı açıqlayacaqları haqda dəqiq fikir deyə bilmərəm. Amma bütün hallarda yəqin ki, seçkinin nəticələrini şübhə altına almağa hesablanmış mövqe ortaya qoyacaqlar. Onlar Azərbaycanın siyasi hakimiyyətinə təzyiq mexanizmi əldə etmək üçün seçkilərdən sui-istifadə etməyə həmişə çalışıblar. Bu dəfə də istisna deyil. Biz bunu normal hesab etmirik. Seçkini müşahidə edənlər siyasi konyuktura baxımından yanaşma nümayiş etdirməməlidir, qərəzli olmamalıdır”.

Məhəmməd Əsədullazadə 
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki ilə bağlı öz siyasəti var. Azərbaycan onları dəvət edib və onlar da seçkini müşahidə eləyiblər: “Əlbəttə ki, heç bir seçki ideal deyil. Hətta ABŞ-ın özündə bununla bağlı ciddi qanun pozuntuları olur. Azərbaycanda parlament seçkiləri sabit və normal keçirildi. Görünür, bəzi təşkilatlara səs-küylü seçki lazımdır ki, bəhanə ilə Azərbaycana təzyiq eləsinlər: ”Milli Cəbhə Partiyası olaraq biz bu seçkidə 8 namizədlə iştirak etdik. Seçki  normal və şəffaf keçirildi. Bəzi məntəqələrdə pozuntu halları ola bilər. Bunda da məntəqə sədrləri məsuliyyət daşıyır. Azərbaycanda bir partiyadan başqa bütün partiyalar seçkidə iştirak etdi. Demək, normal seçki mühiti var ki, bu qədər partiya seçkiyə qatıldı. ATƏT, əlbəttə, hesabatında tənqidi fikirlərə daha çox yer verəcək. Çünki onların missiyası belədir ki, mütləq mənfi çalarlar hesabatda daha çox yer almalıdır. Seçki prosesində xoşagəlməz hallar olmadı. Seçki fəallığı az idi. MSK bunu qeyd etdi. 37 faiz ölkə üzrə aşağı göstəricidir. Bununla bağlı düşünmək lazımdır. Xalq siyasi proseslərə inanmır. Bu rəqəm onu göstərir. Xalqı seçkiyə gətirmək və prosesin əsas iştirakçısı olmalıdır. Bunları hər birimiz deyirik. Amma yəqin ki, ATƏT-in yekun hesabatında mənzərə daha qara rənglərlə ifadə olunacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
47
2
arantv.az

3Mənbələr