AZ

AZAL və Boeing tərəfdaşlığı ilə Dreamliner simulyatoru Bakıda istifadəyə verildi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və ABŞ-nin “Boeing” şirkətinin birgə layihəsi çərçivəsində Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru vətəndaşlar və şəhərin qonaqları üçün nümayiş olunur.

Fins.az xəbər verir ki, sentyabrın 15-nə kimi vətəndaşlar gün ərzində nümayiş simulyatorundan istifadə edə bilərlər.

“Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna “eniş edə” və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər.

AZAL regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz “Boeing 787” təyyarəsini sifariş verib.

“Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq”, - deyə “Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi bildirib.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” yanacaq səmərəliliyi və sərnişinlər üçün rahatlığı ilə seçilən müasir geniş gövdəli təyyarələr seriyasıdır.

Bu seriyaya üç model daxildir: “Boeing 787-8” 248 sərnişin tutumuna və 13 min 530 km-ə qədər uçuş məsafəsinə malikdir. “Boeing 787-9” 296 sərnişin üçün nəzərdə tutulub və uçuş məsafəsi 14 min 10 km-ə qədərdir. “Boeing 787-10” isə 336 sərnişin daşıya, 11 min 730 km-dək məsafə qət edə bilir.

“Boeing 787” təyyarələrinin göyərtəsində sərnişinlərin yüksək rahatlığı hava rütubətinin və təzyiqinin aşağı hündürlüyə uyğun saxlanılması, daha yaxşı görüntü üçün böyük illüminatorlar, turbulentliyin təsirini azaldan innovativ texnologiyalar sayəsində təmin edilir.

“Boeing 787” təyyarələri yanacaq sərfiyyatını və emissiyaları köhnə modellərlə müqayisədə 25 % azaltmağa imkan verir.

Bu üstünlüklər sayəsində AZAL da daxil olmaqla, dünyanın 89 aviaşirkəti “Boeing 787” təyyarələrini həm mövcud, həm də yeni marşrutlarında istifadə edir. 2011-ci ildə istismara veriləndən sonra “Boeing 787” dünyada 400-dən çox yeni birbaşa marşrutun açılmasına və 919 milyondan artıq sərnişinin daşınmasına imkan yaradıb.

“Boeing” şirkəti “787” seriyası üçün 1 900-dən çox sifariş alıb. Sifarişlərin yarıdan çoxu “Azərbaycan Hava Yolları” kimi artıq donanmasında "787" seriyalı təyyarə olan aviaşirkətlərdən gəlib.

AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

Seçilən
469
33
fins.az

10Mənbələr