AZ

“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub  

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2024-cü ilin birinci yarımilinin monitorinq və qiymətləndirilməsinə dair “İnsan kapitalı və təhsil” İşçi Qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib.
 

AzEdu.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə əvvəlcə iclas iştirakçılarını salamlayıb, sonra strategiyada nəzərdə tutulan müvafiq tədbirlər üzrə ötən dövr ərzində əldə olunmuş nailiyyətlər və yarımillik hesabat barədə məlumat verib.
 

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov çıxış edərək ötən müddət ərzində icraçı qurumlar tərəfindən müvafiq tədbirlər üzrə bir çox fəaliyyətin uğurla icra olunduğunu və hesabat ilinin sonunadək digər aidiyyəti tədbirlərin də icra vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. 
 

İclasda Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov çıxış edərək məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, təhsilverənlərin sertifikatlaşdırılması, dövlət-özəl tərəfdaşlığı, təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, peşə təhsili müəssisələrinə tələbə qəbulu, peşə təhsili üzrə yeni proqramların hazırlanması, qısamüddətli ixtisasartırma təlimləri, ali təhsildə əlçatanlıq və əhatəliliyin təmin edilməsi, keyfiyyətin artırılması, ali təhsildə beynəlxalq proqramların tətbiqi və digər məsələlər barədə məlumat veriblər. 
 

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, İşçi Qrupunun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı iclas iştirakçılarına təqdim edib, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər, tövsiyə və planlar barədə məlumat verib. 
 

Hesabatın təqdimatından sonra İşçi Qrupunun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, eləcə də icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
 

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil" İşçi Qrupu “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.

Seçilən
59
6
azedu.az

7Mənbələr