13 sentyabr 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov növbəti mövsümdə tətbiq olunacaq lisenziyalaşdırma qaydalarındakı dəyişikliklərlə bağlı məlumat verib. İclasda lisenziyalaşdırma qaydalarında bir sıra dəyişikliklər təsdiq olunub. Bununla bağlı klublara məlumat veriləcək.
AFFA-nın inkişaf strategiyasının hazırlanması üzrə layihə rəhbəri olan Elçin Məmmədov strategiyanın yazılmasına dair görülən işlərlə bağlı da məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin bununla bağlı suallarını cavablandırıb. İcraiyyə Komitəsi üzvlərinin təklif və rəyləri dinlənilib, nəzərə alınıb.
Daha sonra AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabat verib. Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin 2025-ci il yanvarın 1-dək uzadılması qərara alınıb.
Bundan başqa, İntizam Komitəsinin tərkibində edilmiş dəyişikliklər iclasda təsdiqlənib. Məmməd Həsənov İntizam Komitəsinə yeni üzv seçilib. O, intizam üzrə müfəttiş təyin olunub. Namiq Əliyev isə bundan sonra komitədə üzv kimi fəaliyyətini davam etdirəcək. Ramil Cahangirov öz istəyi ilə İntizam Komitəsi üzvlüyündən ayrılıb.
AFFA İcraiyyə Komitəsinin gündəliyində nəzərdə tutulan digər məsələlər isə növbəti iclasda müzakirə olunacaq.