AZ

Qarabağ və Şərqi Zəngəzurda ilk dərs günü – arzular gerçəyə çevrilir

Bu günün ən önəmli xəbəri yeni tədris ilində Şuşa, Xankəndi, Cəbrayıl, Kəlbəcər şəhərlərində, həmçinin Xocalı rayonu Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində məktəblərin açılması, balaca fidanların birinci sinifə getməsidir. 

Şuşa şəhərindəki məktəbdə konkret olaraq 113 şagird öz təhsilinə başlamışdır. Təsəvvür edirsinizmi, 30 ildən sonra bir ilk yaşanılır. Uzun illər öz doğma şəhərindən məcburən uzaq salınmış şuşalıların övladları öz doğma yurdlarında təhsil almağa başlayırlar. Bu dərslər hələ ki, 18  pedaqoq heyəti tərəfindən həyata keçirilir. Yenidən qurulan məktəb 960 şagird yerlik, 5 bloklu, 3 mərtəbəlidir. Müasir tələblər səviyyəsində inşa edilmiş məktəb hər biri 24 şagird olmaqla 40 sinif otağından ibarətdir. Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya növbəti mərhələdə əhalinin köçürülməsilə məktəbdə şagird və müəllim sayı da artacaq.

Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi Cənubi Qafqazın inzibati, siyasi və iqtisadi xəritəsini bütünlüklə dəyişdirdi. 30 il ərzində paslanmış, arxivə atılmış, hətta gerçəyə çevrilməsi belə şübhə doğuran, inanılmayan planlar yenidən masa üstünə qaytarıldı. Yarımçıq qalan arzular gerçəkləşdi. Bu, Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir. 

Baxmayaraq ki, müharibənin başa çatmasından cəmi 3 il yarım keçir, amma  işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi bu günün ürəkaçan mənzərələrindəndir. Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş, sistemli layihələrin həyata keçirilməsi vasitəsilə baş verir və burada intellekt, təhsil, mədəniyyət və mənəvi-əxlaqi dəyərlər aparıcı rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev məsələyə yüksək həssaslıqla və ən müasir layihələri reallaşdırmaq əzmi ilə yanaşır. Qarabağda yenidənqurma işləri, o cümlədən təhsilin bərpası ilə bağlı ardıcıl və sistemli siyasət yeridilməsi dövlətçilik və cəmiyyətin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Artıq bu istiqamətdə konkret nəticələr əldə edilib. Belə ki, bu günədək Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində, Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib. Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində, həmçinin, əhalinin köçü planlaşdırılan digər yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmiri yekunlaşmaq üzrədir. 

İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən inşa edilən orta məktəb 2023-cü ilin 23 avqust tarixində, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü ilin 12 mart tarixində istifadəyə verilib. Həmçinin, Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır.

Xankəndidə açılan Qarabağ Universitetini də əlavə etsək, yuxarıda sadalanan faktlar onu göstərir ki, yaxın zaman kəsiyində Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ və Şərqi Zəngəzurda həyat əvvəlkindən də möhtəşəm olacaq. Yaşamaq üçün bütün vacib resursların tam mənasıyla bərpa ediləcəyi günlər uzaqda deyil. 

Anar TURAN,

XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr