AZ

Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub - FOTOLAR

Görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümü münasibətlə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın yaxınları II Fəxri xiyabana gələrək xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Mədəniyyət nazirinin müavini Murad Hüseynov pianoçunun yaradıcılığından söz açıb, onu adının musiqi tariximizdə əbədi yaşayacağını deyib: "Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Tələbələri dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfələrini verirlər".

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri Əməkdar artist, professor Samirə Aşumova və başqaları çıxış edərək Elmira Səfərova ilə bağlı xatirələrini bölüşüblər.

Sonda sənətkarın ailə üzvləri adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Elmira Səfərova 16 sentyabr 1934-cü ildə məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Elmira xanım uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan ifaçılığın sirlərinə yiyələnib. Məktəbi başa vurduqdan sonra, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan E.Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub.

E.Səfərova pedaqoji fəaliyyəti ilə yanaşı, konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edib. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı böyük maraqla qarşılanıb.

Görkəmli pianoçu 1997-ci ildə – pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağında dünyasını dəyişib.

"Cebheinfo.az"

 

Seçilən
8
13
cebheinfo.az

10Mənbələr