AZ

“Klubdan mənə deyildi ki...” – Kaxaber Sxadadze

“Qəbələ”nin çempionatın ilk turunu qələbəsiz başa vurduğundan xəbərdarsız.

Komanda yoldaşlıq oyunlarının hər birində qələbə qazanmaqla yaxşı təsir bağışlamışdı. “Qırmızı-qaralar” bu dəfə heç-heçə etdiyi rəqibi “Zaqatala”nı da bir neçə gün öncə 2:0 hesabıyla məğlub etmişdi.

Komandanın baş məşqçisi Kaxaber Sxadadze “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:

“Yoldaşlıq oyunlarında ab-hava tam fərqli olur, rəqiblər bütün komanda ilə müdafiəyə çəkilmir, onlar həm hücuma çıxırlar, həm də başqa cür oynayırlar. Rəsmi oyunlarda isə rəqiblərin oyunu da, motivasiyası da fərqli olur. Əslində bunu gözləyirdik. Bilirdik ki, çempionatda rəqiblər bizə qarşı 100 yox, 200 faiz istəkli çıxacaqlar. Oyuna gəlincə, topa nəzarət edirdik və komandama ciddi iradlarım yoxdu. Bir daha deyirəm ki, ''Zaqatala'' böyük qüvvə ilə müdafiə olunurdu. Qol epizodlarımız çox oldu. Bir neçə qol vura bilərdik. Amma fürsətləri dəyərləndirmək baxımından problem yaşadıq. Bununla belə, bu, yalnız bizim ilk oyunumuz idi. Heyətimiz gəncdi. Heyətin yarıdan çoxu öz yetirməmiz idi. Hiss olunurdu ki, son nöqtəni qoymaq lazım olarkən həyəcanlanırlar. Üzərimizdə daha çox işləməliyik ki, həm qol epizodlarımız daha çox olsun, həm də onlardan daha yaxşı yararlanaq. Transferə gəlincə, klubdan mənə deyildi ki, iş gedir. Onlar da bilir ki, mütləq hücumda güclənməliyik. Nə qədər tez alınsa, bizim üçün bir o qədər yaxşı olar. Çünki gözlədiyimiz futbolçular vaxtında gəlmədiyindən, dünənki oyunda istədiyimiz əvəzetmələri reallaşdıra bilmədik. Gözləyirik. Ümid edirəm ki, növbəti oyunda hücumda indikindən ən azı iki oyunçumuz artıq olacaq. Bir daha deyirəm ki, bütün rəqiblər ''Qəbələ'' ilə oyuna çox motivasiyalı çıxacaq və bu duruma uyğunlaşmalıyıq. Futbolçuları günahlandırmaq olmaz. Çünki üzərlərinə düşəni etdilər. Amma anlamalıyıq ki, bizə qarşı rəqiblər müdafiəyə daha çox diqqət yetirəcək. Ona görə də qol fürsətlərini çoxaltmalı və onlardan daha yaxşı yararlanmalıyıq”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
football-plus.az

1Mənbələr