AZ

MSK 35 məntəqənin nəticələrini etibarsız saymaqla seçkilərə yekun vurub

Şikayətlərin araşdırılması da başa çatıb

35 seçki məntəqəsinin komissiyalarının buraxıldığı bildirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) həmin komissiyaların seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində nöqsanlara yol verdiyini bildirib.

Bu barədə sentyabrın 16-da MSK-nin iclasında qərar qəbul edilib.

İclasda 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

MSK həmçinin seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işinin başa çatdığını qeyd edib.

Komissiya səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.

Bununla da, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.
Seçilən
65
1
arqument.az

2Mənbələr