AZ

Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH

Rusiya Baş nazirinin müavini, Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Ermənistana səfər edib. Səfər zamanı Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bundan sonra Rusiya rəsmisi ilə erməni həmkarı Mqer Qriqoryan arasında görüş keçirilib və 5 saat davam edib. Bildirilir ki, görüşdə ikitərəfli gündəm ətraflı müzakirə olunub.Overçuk görüşlə bağlı jurnalistlərə bildirib ki, “görüşün müddəti onu deməyə əsas verir ki, bizim çoxlu müştərək işlərimiz var, nəqliyyat kommunikasiyaları və qarşılıqlı ticarət, humanitar əməkdaşlıq, turizm və aviasiya məsələləri müzakirə olunub”.Overçuk xatırladıb ki, 2023-cü ildə Ermənistana 1 milyona yaxın rusiyalı turist gəlib və bu istiqamət ruslar arasında böyük tələbatdır: “Xalqımız bura gəlməyi sevir, burada həmişə erməni xalqının dostluğunu və hərarətini hiss edir. Ona görə də biz ölkələrimiz arasında bu əlaqələri gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”.Rusiya rəsmisi Paşinyanla görüşə də toxunub: “Biz Ermənistan iqtisadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini, Avrasiya İqtisadi İttifaqında ən yaxşı ÜDM göstəricilərini nümayiş etdirdiyini görürük. Hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar ilk növbədə Aİİ ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”.Rusiya Baş nazirinin müavini qeyd edib ki, Ermənistan birlik çərçivəsində aktiv müsbət rol oynayır. Paşinyanla görüşdə Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı məsələsi də müzakirə olunub.Qeyd edək ki, Overçukun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 13-də Ermənistanda olub.Overçukun İrəvana səfərinin Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi, eyni zamanda, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşdiyi dövrdə baş tutması bir çox sualların meydana gəlməsinə səbəb olur.AYNA-nın mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı Hikmət Məmmədov cavablandırıb. Onun sözlərinə görə, iki ölkə arasında ticarətin inkişafı haqqında bəyanatlar səsləndirilib ki, bu, Rusiya-Ermənistan gərginliyi ilə bağlı sualları artırır:- Məsələ burasındadır ki, fırça artıq dəyişib. İndi Rusiya göz boyamır, Rusiyanın gözünü boyayırlar. Bu gün Rusiyanın ticarətə ehtiyacı var, çünki bu dövlət ağır sanksiyalar altındadır. Rusiya-Ermənistan ticarətində altı dəfə artımın olduğu qeyd edildi. Əsas artım isə 2022-ci ildən sonra baş verib. Ermənistan tərəfdarlarının icazəsi ilə bir tərəfdən Rusiyanın sanksiyalar səbəbindən ala bilmədiyi avadanlıqları, texniki vasitələri, bu ölkəyə ötürür. Bununla həm Ermənistanın iqtisadiyyatı qazanır, həm də Rusiyanı Ermənistana qarşı loyallaşdırırlar. İstər Ermənistanın davranışları ilə bağlı, istər Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Moskvanın sərt bəyanatlarını görürük. Amma Rusiyanın mövqeyi bəyanatlardan o yana getmir, real addımları müşahidə etmirik. Ermənistan isə öz havadarlarının göstərişi ilə Rusiyaya qarşı siyasətini genişləndirir. Məsələn, arxa planda ABŞ, Qərb silahları Ermənistana daşınır. Bu, Rusiyanın birbaşa maraqlarına ziddir.- Bəs Rusiya niyə real addım atmır?- Çünki real addıma imkanı yoxdur. Moskva İrəvanın davranışlarına reaksiya verə biləcəyi qədər reaksiya verir. Həm də Rusiya bu mərhələdə zaman qazanmağa çalışır. Ukraynadakı müharibənin sonu görünər-görünməz həm Ermənistana, həm də Azərbaycana münasibətdə başqa Rusiya görəcəyik. Biz 200 ildir ki, Rusiyanın hansı siyasəti apardığını bilirik, ona görə də arxayın olmamalıyıq. Əgər sabah Ermənistanla Rusiya hansısa məsələdə dil taparsa, Rusiya inanarsa ki, Ermənistanda möhkəmlənə bilir, o zaman əsas təzyiq Moskvadan Bakıya yönələcək. Çox həssas məqamdır və təhlükəli oyunlar gedir. Hesab edirəm ki, prosesi diqqətlə izləmək lazımdır.- Overçukun açıqlamalarından belə başa düşülür ki, iki ölkə arasında münasibətlər o qədər də gərgin deyil...- Erməni jurnalist bu yöndə Overçuka sual verdi, cavab isə belə oldu ki, iki ölkə münasibətlərinin bir media fonu var. Yəni ki, mətbuata baxanda sanki iki ölkə müharibə vəziyyətindədir. Rusiya Baş nazirinin cavabından bu anlaşılır ki, əslində stəkanda fırtına qoparılır, münasibətlər medianın yazdığı kimi deyil və s. Overçuk burada yalan danışır. Əslində iki ölkə münasibətləri doğrudan da yaxşı deyil. Moskva da anlayır ki, Ermənistandakı mövqelərini uduza-uduza gedir. Lakin bunun qarşısını ala bilmir. Baxın, Rusiya bildirir ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndi yerinə yetirilməlidir. Söhbət Zəngəzur dəhlizinin açılmasından və dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsindən gedir. Amma Ermənistan az qala hər gün bəyanat verir ki, nəzarət Rusiyanın əlində ola bilməz, olmamalıdır, Bəyanatda belə bir məsələ yoxdur. Eyni zamanda, iki gündən bir Zəngəzura Amerika hərbçiləri gəlir, Avropa Birliyinin monitorinq missiyası gəlir. Real vəziyyət bundan ibarətdir. Rusiya isə bəlli səbəblərdən aqressiv davrana bilmir. Overçukun timsalında isə münasibətlərin yaxşı olması mesajını verir.- Overçukun Ermənistan səfərində Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub. Məlumdur ki, Rusiya dəhlizin açılmasında maraqlıdır. Sizcə, Rusiya rəsmisinin səfərindən sonra Zəngəzur dəhlizində irəliləyiş gözləniləndirmi?- Zəngəzur dəhlizi sadəcə iqtisadi faktor deyil. Bu dəhliz mühüm geostrateji alətdir. Söhbət burada Cənubi Qafqaza nəzarətdən gedir. Rusiya ənənəvi imperiya siyasətinə uyğun olaraq Zəngəzur dəhlizinə nəzarətdə maraqlıdır. Məlumdur ki, Rusiya imperiyası türk torpaqlarında yaranıb, inkişaf edib. Moskva anlayır ki, onsuz da Zəngəzur dəhlizi açılacaq. Ortada Türk Dövlətləri Təşkilatı faktoru var ki, dəhliz də məhz bu dövlətləri birləşdirir. Rusiya isə istəyir ki, türk dövlətlərini birləşdirən yola nəzarət etsin. Rusiyanın müttəfiqi olan İran isə buna qarşıdır. Tehrnın bu mövqeyinin səbəbləri haqqında çox danışılıb. Əlbəttə, Overçuk İrəvanda bu məsələni müzakirə edib və Ermənistana təkliflərini səsləndirib. Amma Ermənistanın bunu qəbul edib-etməyəcəyi sual altındadır. Prosesin gedişində məlum olacaq ki, Rusiya Baş nazirinin müavininin səfərinin bu məsələdə təsiri nə qədər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
dia-az.info

1Mənbələr