AZ

Qızıl dollara qənim kəsilib

Qızıl

Dünya bazarında qızılın qiyməti 30 gün ərzində 5 dollar artıb.

Reyting.az
"Finansy" nəşrinə istinadla bildirir ki, cümə günü ABŞ-nın Çikaqo Ticarət Birjasında keçirilən son hərracda qızılın qiymətinin 1 troya unsiyası 2581,9 dollara və yaxud qramı 83 dollara qədər bahalaşıb.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən başlayaraq qızılın qiyməti 23 faiz artıb. Qiymət artımının bir neçə səbəbi var.

Öncə əsas kimi ABŞ Federal Ehtiyat Sisteminin əsas uçot dərəcəsini aşağı salmağa başlayacağı ilə bağlı gözləntilər göstərilir.

İkincisi, Yaxın Şərq və Ukraynadakı münaqişələrin sonunun görünməməsi ilə izah edilir.

Üçüncü səbəb, uzun müddətdir bəzi ölkələrin mərkəzi banklarının son beş ildə tam təhlükəsiz sığınacaq aktivi olaraq böyük həvəslə, çox çılğın formada qızıl almağa başlamasıdır.



ABŞ Federal Ehtiyat Sistemi təxminən 15 ay ardıcıl olaraq (23 ildə maksimum) faiz dərəcələrini 5,25 və 5,5 faiz səviyyəsindəsaxlayıb və bu gün, ehtimallara görə, onları azaltmağın vaxtı çatıb. Artıq bazarın əsas oyunçuları sentyabrın 18-də ABŞ-da faiz dərəcəsinin 25 bənd azaldılmasını böyük səbirsizliklə gözləyirlər. Ənənəvi olaraq, dərəcənin aşağı salınması qızılın qiymətinin artmasına hər cür şərait yaradır.

"Bank of America" mütəxəssislərinin fikrincə, yaxın il yarım ərzində güman ki, qızılın unsiyası 3 min dollara, qramı 96,5 dollara yüksələcək. Bu bankın təmsilçilərindən biri sözügedən məsələyəmünasibət bildirərkən deyib:

"Əgər Amerika Birləşmiş Ştatlarında proseslər qəfil dəyişərsə, məzənnələr əhəmiyyətli dərəcədə çox aşağı düşərsə, ən başlıcası, qızılın qiyməti ilə bağlı əsas investorların tələbi artarsa, nəticədə mütləq qızılın qiyməti daha da çox artacaq".

Mütəxəssislərin fikrincə, geosiyasət də qızılın qiymətini müəyyən edən əsas amil olub və olacaq da. Ancaq bu bahalaşma ABŞ və Çin arasındakı gərginliyi, həmçinin Yaxın Şərqdəki və Ukraynadakı bitməyən hərbi münaqişələrin ömrünü uzada bilər. Hətta bunun nəticəsində təhlükə elə bir həddə qalxar ki, Amerika Çindən gətirilən mallara yeni və fərqli ticarət rüsumları tətbiq edər.

Bildirilir ki, bir çox böyük mərkəzi banklar risklərdən qorunmaq, öz qızıl-valyuta ehtiyatlarını böyütmək məqsədi ilə hərəkətə keçiblər və ehtiyatlarını artırmaq üçün getdikcə daha çox qızıl alırlar.

21-ci əsrin əvvəllərindən qızıl investisiyalarından əldə edilən gəlirlərin səviyyəsinin 20-ci əsrin son iyirmi ili ilə müqayisədə səkkiz dəfə artdığına inanan maliyyə analitiklərinin mövqeyi də çox maraqlıdır. Bir çoxlarının fikrincə, ABŞ dolları hər il zəifləyir və qızıl bütün dünya üçün artıq bir növ əsas etibarlı ehtiyata və "qeyri-dövlət valyutasına" çevrilir.

Mütəxəssislərin proqnozlarına görə, qızılın qiyməti artmaqda davam edəcək. Analitiklər bu prosesdə ABŞ dollarının taleyi ilə bağlı konkret fikir söyləməyə çətinlik çəkdiklərini vurğulayıblar.

Oqtay QORÇU
Seçilən
26
reyting.az

1Mənbələr