AZ

ADP hakimiyyəti demokratik islahatlar keçirməyə çağırdı

“Siyasi məhbuslar azad edilsin, söz və mətbuat sahəsində mövcud olan məhdudiyyətləri aradan götürülsün...”

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə yeni tədris ilinin başlanması münasibəti ilə çoxsaylı müəllim və şagirdlərimizə partiya adından təbrik ünvanlayıb, təlim-tərbiyə və bilik sahəsində zamanın tələblərinə uyğun uğurlara imza atmağı arzulayıb.

Partiya rəsmiləri eyni zamanda dövlət büdcəsindən təhsilin inkişafına kifayət qədər vəsait ayrılmasına rəğmən 400-dən artıq orta məktəbin hələ də qəzalı vəziyyətində olmasından, təhsil haqqını ödəyə bilmədiyinə görə 10 minə yaxın tələbənin ali təhsildən imtina etməsindən ciddi narahatçılığını ifadə edib və hakimiyyəti təhsil sahəsinə daha çox diqqət göstərməyə, şagirdlərin daha rahat məktəb binaları ilə təmin edilməsi, imkansız tələbələrə güzəştli təhsil kreditləri ayırmağa çağırıb.

İdarə Heyəti Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusunun 15 sentyabr 1918-ci ildə Bakı və Azərbaycanın digər bölgələrini işğal altında saxlayan, xalqımıza qarşı genosid siyasəti yürüdən, on minlərlə insanımızı qətlə yetirən erməni-daşnak və bölşevik quldurlarından təmizlənməsi ilə bağlı tarixi hadisənin 106-cı ildönümü ilə bağlı xalqımızı təbrik edib. Bu tarixi hadisənin önəminə diqqət çəkən partiya yetkililəri həmin dövrdə yeni yaranmış Cümhuriyyətimizin daşnak-bölşevik və digər xarici güclər tərəfindən təhdid edildiyini, xalqımızın bu qüvvələrə qarşı ölüm-dirim savaşı verdiyini, Azərbaycanın siyasi istiqlaliyyətini aradan qaldırmaq üçün tarixi düşmənlərimizin səfərbər olduğunu qeyd edib. Belə bir çarəsiz durumda qurucu babalarımızın qardaş Türkiyədən hərbi yardım istəyinə cavab olaraq Nuru Paşanın rəhbərlik etdiyi və tərkibində milli qüvvələrimizin də daxil olduğu Qafqaz İslam ordusunun 15 sentyabrda Bakıya daxil olması və paytaxtımızı azğınlaşmış erməni-daşnak və rus bolşeviklərindən təmizləməsi faktının 100 il sonra Qarabağımızın erməni işğalından azad edilməsində qardaş Türkiyənin yenə də Azərbaycanın yanında olması faktı ilə üst-üstə düşməsi xalqlarımızın əbədiyyən qardaşlığına ən böyük örnəkdir. İdarə Heyəti üstündən 106 il keçməsinə baxmayaraq bu şanlı hadisənin millətimizin qəlbindən silinmədiyini, hər il on minlərlə vətəndaşımızın Azərbaycan məzarlıqlarında uyuyan türk qardaşlarımızın rəhmətlə anıldığını bildirib və hakimiyyət yetkililərini Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün şəhərimizin ən uca yerlərində ona heykəl ucaldılması, dərsliklərimizidə bu mövzuya daha geniş yer verilməsi üçün müvafiq addımlar atmağa çağırıb.

İdarə Heyəti ABŞ Senatı və Aİ-nın COP-29 ərəfəsində Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, siyasi məhbusların azad edilməsi, söz və mətbuat sahəsində məhdudiyyətlərin aradan götürülməsi ilə bağlı çağırışlar etməsinə münasibət bildirib və hakimiyyəti bu çağırışları gözardı etməməyə, ikili standartlara meyilli Qərb yetkililərə bəhanə verməməyə, ölkədə vətəndaş həmrəyliyinə və milli birliyə zəmin yaradan demokratik islahatlar keçirməyə, siyasi məhbusları azad etməyə, söz və mətbuat sahəsində mövcud olan məhdudiyyətləri aradan götürməyə çağırıb.

İdarə Heyəti ötən həftə Türk Dövlətlər Təşkilatına üzv ölkələrin Türk Dünyası Birgə Əlifba Komissiyasının növbəti toplantısında 34 hərfdən ibarət ortaq türk əlifbası ilə bağlı razılığa gəlinməsindən məmnunluğunu bildirib və dil birliyinin türk dövlətləri arasında tarixi, mədəni, ədəbi əlaqələrin bərpası, genişlənməsi, tarixin bir kəsimində türk düşmənləri tərəfindən aradan çıxarılmağa, unutdurulmağa, qorxu altında saxlanılmağa hesablanmış türk milli kimliyinin qorunub daha böyük statusla çıxış etməsi üçün vəsilə olacağına əminliyini ifadə edib və qardaş türk dövlətlərini gerçəkləşməsi qaçılmaz olan Turan birliyinə doğru daha cəsarətli, effektli addımlar atmağa səsləyib.

KƏNAN

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr