AZ

Kinomuzun ilk qadın aktrisası İzzət Orucovanın doğum günüdür: Əri qorxusundan onu boşadı…

Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı — İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.



Bu qadın Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. İlk xanım akademikimiz Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla, məşəqqətli günlərlə dolu olub.







İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: — Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.



İzzət Orucova o zaman 20 yaşında, gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi… Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.



Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış… Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları — Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.







O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub.



İzzət Orucova 1932-1959-cu illərdə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri vəzifələrində çalışıb.



1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə — akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.



Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilib.







İzzət Orucova «Sevil» filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir:«Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın”.



***



Nəhayət, «Sevil» filminin çəkilişi tamamlanır. Film 1929-cu ildə ekranlara buraxılır. İzzət həmin günü belə xatırlayır: “Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C. Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.







Bundan sonra Cəfər eyni adlı əsəri əsasında «Almaz» filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə «Almaz»a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl «Sevil» filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir. İzzət Orucova isə təhsilini başa vurub, Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamışdı. Yenidən çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə müraciət edəndə, o vaxtkı direktor M. Kapelyuşnikov kəskin şəkildə etiraz edir. Lakin iş elə gətirir ki, Kapelyuşnikov Moskvadan ezamiyyətdən qayıdarkən qatarda təsadüfən C. Cabbarlı ilə bir kupedə olur. Dramaturqun şirin söhbətləri, müsahibini özünə cəlb etmək bacarığı ona elə güclü təsir göstərir ki, o özü İzzət xanımı kabinetinə çağırıb çəkilişlərə icazə verdiyini bildirir.



İ.Orucova deyir ki, C.Cabbarlı Almazla bağlı filmi fikrən bütünlüklə görür. O, bu filmə özü quruluş verəcəkdi. Lakin sınaq çəkilişləri başa çatar-çatmaz o, vəfat edir.



***



Bioqrafiyasındakı iki filmlə yanaşı İzzət Orucova “Lətif”, “İsmət”, “Məhəbbət yollarında” və bir neçə filmdə də epizodik rollar ifa edir. Lakin sonradan o, kinodan tamamilə uzaqlaşır. Müsahibələrinin birində deyir ki, əgər Cəfər sağ olsaydı, mən yenidən onun çəkəcəyi filmlərə çəkilərdim.







İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan ziyalı Mövsüm İsmayılzadə ilə ailə həyatı qurur. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni «xalq düşməni» damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən və ailəsi ilə birgə sürgün ediləcəyini anlayan Mövsüm bəy dərhal İzzətdən boşanır. Bununla da o, İzzət Oruczadəni və körpə oğlu Yılmazı sürgün təhlükəsindən xilas edir.



***



Tək qalan İzzət xanım ömrünü elmə və yeganə övladına həsr edir. Azərbaycanın ikinci akademik qadını olur, Lenin mükafatı alır. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidmətlər göstərir.







1974-cü ildə İzzət Orucova haqqında “İşıqlı yol” adlı qısametrajlı film çəkilir. İzzət Orucova 1983-cü ildə Bakıda vəfat edir.

Seçilən
84
50
ictimaimedia.az

10Mənbələr