AZ

Daha onlar üçün zəng çalınmayacaq… – FOTOlar

Məlum olduğu kimi, bu gündən 2024/2025 yeni tədris ilinə start verilib. Birinci sinfə gedənlərlə yanaşı, birinci kursa gedənlər də bu sevinci yaşayıb.

Ancaq təəssüf ki, bu il təhsilini davam etdirə bilməyənlər də olacaq. Bu, onların həyatlarının yarıda qalması ilə bağlıdır.

Bu ilin müxtəlif vaxtlarında, fərqli məkanlarda baş verən bədbəxt hadisələr onlarla tələbənin həyatına son qoyub.

Editor.az  “Qafqazinfo”ya istinadən bu məqamda təhsili ilə yanaşı, həyatı da yarım qalan tələbələrdən bir neçəsi barədə məlumatları təqdim edir.

Bu il Naxçıvan Dövlət Universitetinin iki tələbəsi də faciəvi şəkildə ölüb. Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölündə batıblar. Hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.

Bu ilin mayında Bakının Binəqədi rayonunun Goradil qəsəbəsində baş verən ağır yol qəzasında isə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi, 1999-cu il təvəllüdlü Tofiq Həsənov həyatını itirib.

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov isə özünü asaraq canına qəsd edib. Hadisə bu ilin yanvarında qeydə alınıb.

Eyni ayda Mingəçevir Turizm Kollecinin “Turizm işinin təşkili” ixtisasının qiyabi təhsil üzrə l kurs tələbəsi, 2002-ci il təvəllüdlü İsayev Nihad Şahin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Bu faciə ilə Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu da üzləşib. O da yanvar ayında dəm qazının qurbanı olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov da faciəvi şəkildə həlak olub. O,2024-cü ilin iyulunda dənizdə batıb.

İmranla birgə Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu da dənizdə batıb. Həlak olan tələbələr dost olublar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Mehri Eldəniz qızı Məhəmmədova da həyatla erkən vidalaşıb. O, universitetin Məktəbəqədər təhsil fakültəsinin IV kursunda təhsil alırdı.

Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova isə qəflətən dünyasını dəyişib.

Lənkəran Dövlət Universitetinin tələbəsi Maral Anar qızı Quluzadə erkən vəfat edib. M.Quluzadə universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb.

UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi Zərri Hacıyeva isə uzunsürən xəstəlikdən sonra vəfat edib. O, bu ilin martın 8-də Beynəlxalq Qadınlar Günündə dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Murad Şəmistan oğlu Məmmədov isə yol qəzasında həyatını itirib.

O, universitetin Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub.

Seçilən
20
6
editor.az

5Mənbələr