Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov və əməkdaşları 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin Giziri şəhid Xəyal Əlövsət oğlu Əhədzadənin uyuduğu müqəddəs yeri ziyarət edib və əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarına tər güllərdən çələng hörüblər.
Çıxışlar zamanı Xəyalın həyat və döyüş yolundan böyük qürurla söhbət açılıb.
Şəhidin atası ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildirib.
Sinəsini Vətəninə sipər edib tarix yazan Xəyal Əhədzadə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gəlib. Qısa ömrü qəhrəmanlıq, mərdlik örnəyi olan Xəyal Lənkəran-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, idmanın boks növündə dədələrlə Azərbaycan çempionatlarında iştirak etmiş, yüksək nəticələrə sahib olmuşdur.
Xəyal Əhədzadə 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərində əlində silah cəbhəyə yollanıb. Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Düşmənə qan uddurub, yüzlərlə canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbəmizdə göstərdiyi rəşadətə görə dövlət tərəfindən “Azərbaycan bayrağı” ordeninə, Cəbrayılın, Füzulinin, Şuşanın, Kəlbəcərin azadlığı uğrunda medallarına layiq görülüb.
Vətən sevdalısı Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhadətə yüksəlib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü