AZ

"Təhsil sistemi neqativ hallardan azad olmalıdır" – Zenfira Mustafayeva

QHT.az təhsil sahəsində hüquqların qorunması və bu hüquqların pozulması hallarında hansı addımların atılması haqqında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva ilə geniş söhbət etdik. O, təhsil qanunvericiliyinin əhəmiyyətindən, məktəbli və tələbələrin hüquqlarının necə müdafiə oluna biləcəyindən danışdı. Həmçinin, təhsil haqqı ödənişləri ilə bağlı yaranan çətinliklərin həll yollarını və hüquqi mübahisələrin həlli prosedurlarını izah etdi. Bu müsahibə valideynlər, tələbələr və təhsil verənlər üçün çox vacib məlumatları əhatə edir.

 

QHT.az: Məktəblilər üçün təhsil hüquqlarının pozulması hallarında valideynlər hara müraciət edə bilərlər?

Zenfira Mustafayeva: Təhsil verən hər bir şəxs Azərbaycan Respublikasının Təhsil haqqında qanunvericiliyi ilə tanış olmalı və oradakı hər bir müddəanı bilməlidir. Bu, təhsil sistemində neqativ halların qarşısını almağa kömək edir. Təhsil haqqında qanunvericilik, təhsil sahəsində vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsindən və qorunmasından, eləcə də təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən ibarətdir. Əgər hər hansı bir təhsil müəssisəsində hüquqlar pozulursa, valideynlər Təhsil Nazirliyinə, Ombudsman Aparatına və ya Təhsil Nazirliyinin yanında olan İctimai Şuraya müraciət edə bilərlər. Bu müraciətlər mütləq cavablandırılır.

 

QHT.az: Tələbələrin təhsil haqqı ilə bağlı ödəniş çətinlikləri zamanı hansı hüquqi dəstəkdən yararlana bilərlər?

Zenfira Mustafayeva: Əgər tələbə güzəştli kateqoriyalara daxil olmursa (məsələn, şəhid ailəsi, məcburi köçkün və ya yüksək bal toplamış tələbə deyilsə), təhsil haqqının ödənilməsi vacibdir. Lakin tələbənin maddi imkanı yoxdursa, təhsil krediti üçün müraciət edə bilər. Eyni zamanda, müxtəlif təşkilatlara ianə üçün müraciət edərək də dəstək ala bilər. Dövlət sifarişli fakültələrdə təhsil haqqı yoxdur, amma digər fakültələrdə təəssüf ki, ödənişlər hər il artır və bu, valideynləri çıxılmaz vəziyyətə salır.

 

QHT.az: Məktəbli və tələbələrin təhsil müəssisələrində şikayət etmək hüquqları hansı qaydalarla tənzimlənir?

Zenfira Mustafayeva: Uşaq hüquqları haqqında beynəlxalq konvensiya və Azərbaycanın uşaq hüquqları qanunvericiliyinə uyğun olaraq, təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları bu hüquqların təmin olunmasına cavabdehdirlər. Hər kəs bu əsasnaməyə uyğun davranmalıdır. Valideynlər və şagirdlər hüquqlarının pozulduğu hallarda yuxarıda qeyd edilən qurumlara müraciət edə bilərlər.

 

QHT.az: Təhsil müəssisəsində müəllim və tələbə arasında yaranan hüquqi mübahisələrin həlli necə aparılır?

Zenfira Mustafayeva: Müəllim və tələbə arasında yaranan mübahisələr konfliktin xarakterindən asılı olaraq, tədris müəssisəsinin özündə həll edilə bilər. Əgər problem daha ciddi xarakter daşıyırsa, hüquq mühafizə orqanlarına müraciət etmək mümkündür. Ən son halda isə bu mübahisələr məhkəmədə həll oluna bilər.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
23
qht.az

1Mənbələr