AZ

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Kulis.az isveçrəli müğənni Sofi de Kuenin APA-ya müsahibəsini təqdim edir.

– Xanım Sofi, Bakıda konsert vermək təşəbbüsü necə yarandı?

– İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli 2023-cü ilin mayında bizim Çində keçirilən konsertlərimizin birində iştirak etmişdi. Mənim musiqimi də orda kəşf etmişdi. Bir neçə ay əvvəl mənimlə əlaqə saxladı və İsveçrə Milli Günündə Bakıda oxumağımı istədi. Bu mənim üçün gözəl bir fürsətdir. Çünki, həqiqətən, Azərbaycan tanımaq istədiyim ölkələrdən biridir. Konsertin hansı təsirə malik olacağını isə indidən bilmək olmur.

– Azərbaycan musiqisi ilə tanışlığınız hansı səviyyədədir?

– Son illərdə “Avroviziya” mahnı müsabiqələrində bir neçə azərbaycanlı müğənnini görmüşəm və bu günlərdə Qorqudu kəşf etmişəm. Onun ifası xoşuma gəlir. Digərlərinə gəldikdə isə, daha yaxından tanış olmağı səbirsizliklə gözləyirəm.

– Ümumiyyətlə, Azərbaycan minlərlə kilometr uzaqda yerləşən İsveçrədən bir sənət adamına necə görünür, təsəvvürünüzdə ölkəmizlə bağlı nələr var?

– Azərbaycanı yaxşı tanıyan dostlar bir ağızdan deyirlər ki, gözəl ölkədir. İnsanlar mənə Azərbaycan barədə danışanda “Formula 1” Qran Prisi və “Avroviziya”nı yada salırlar. Şəxsən Bakını öyrənmək imkanına görə həyəcanlıyam. Adətən, yeni ölkə kəşf edəndə, onun enerji və mühitini hiss etmək istəyəndə özümü küçələrə atıram, orda itirəm. İnsanlar və gələcək auditoriya ilə ünsiyyətdə olmağı, yerli mətbəxinin xüsusi təamlarını dadmağı və yeni bir mədəniyyətin ağuşuna atılmağı səbirsizliklə gözləyirəm.

– Həyat və yaradıcılığınıza nəzər salaq. Yaradıcılığınızda diqqət çəkən əsas məqamlardan biri müxtəlif dillərdə mahnılar oxumağınızdır. Hətta qastrol səfərində olduğunuz ölkələrin mahnılarını da öz dillərində ifa etmisiniz. Bununla bağlı fikirləriniz maraqlıdır. Bilirik ki, bu, böyük zəhmət tələb edir. Bu məsələdə sizə stimul verən nədir?

– Ümumiyyətlə, musiqi yaradıcılığımın əsas səbəblərindən biri mədəniyyətlər arasında körpülər qurmaqdır. Sülh və daha yaxşı dünya qurmaq yolunda bu, ilk addımdır. Çıxış etdiyim ölkədə əvvəlcədən qarşılanmaq imkanı tapanda o dildə, heç olmasa, bir neçə söz öyrənməyi özümə borc bilirəm. Vaxt imkan verəndə isə, o dildə mahnı öyrənirəm, yerli müğənni ilə əməkdaşlıq təklif edirəm.

– Dünya musiqisi ilə tanışlığınızda ailənizin də böyük rolu olduğunu düşünürəm. Kiçik yaşlarınızdan atanızın işləri ilə bağlı müxtəlif ölkələrə, şəhərlərə səfər etmisiniz. Dünya ilə tanışlığı bununla əlaqələndirmək olarmı?

– İsveçrədə doğulmuşam və yeddi yaşım olanda ailəmlə Sinqapura köçmüşəm. Beş il orda yaşadıqdan sonra növbəti dörd ilimi Nyu-Yorkda keçirmişəm. Bu dövrdə çoxlu səyahət etmək, dünyanın dörd yanından müxtəlif mədəniyyətlərdən, dinlərdən və sosial siniflərdən olan insanlarla tanış olmaq imkanım olub. Müxtəlif həyat tərzləri ilə tanışlıq dünyagörüşümü artırdı. Sonralar Paris və Şanxayda tək yaşadım. Səyahət etmək, bir növ, qanımdadır, mənim ilham mənbəyimdir. 50-dən çox ölkədə olmuşam. Azərbaycan Simonla birlikdə çıxış edəcəyim 16-cı ölkə olacaq.

– Bildiyimiz qədəri ilə, ananız aktrisadır. Görünür, sənətə meyliniz də burdan qaynaqlanır...

– Anam 48 yaşında aktrisalığa başlayıb. O, mənim üçün ilham pərisidir. Mənə sübut edib ki, əgər arzuların varsa və ona çatmaq istəyirsənsə, buna hər yaşda nail olmaq olar. Mən öz mahnılarım vasitəsilə bu cür güclü həyat dərsini tamaşaçılarıma çatdırmaq istəyirəm. Mən anamın şərəfinə onun “De Kue” adını səhnə təxəllüsü kimi götürmüşəm... Əgər atam öz səsini inkişaf etdirməyə diqqət ayırsaydı, opera müğənnisi olardı.

– Bundan əvvəl 15 ölkədə konsertiniz olub. Onların arasında sizin üçün ən yadda qalan konsert hansı ölkədə baş tutub və bunun səbəbi nədir?

– Hansınısa seçmək çətin olsa da, sizə bir neçəsi haqda danışacağam. Ən yadda qalanlarından biri 2016-cı ildə Beyrutda olub. O konsert Livan Qızıl Xaç şəhidlərinin şərəfinə idi. Min nəfər tamaşaçının qarşısında Qızıl Xaç əməkdaşlarının geyimində səhnəyə çıxmışdıq. “Biz dünyayıq” adlı mahnımızı ifa edərkən 30-a yaxın könüllü səhnədə bizə qoşularaq xorla oxudu. Çox duyğulu bir an idi. Mən o an hiss etdim ki, musiqi vasitəsilə könülləri ələ ala bildim. 2023-cü ilin mayında Şanxayda minə qədər universitet tələbəsi qarşısında çıxış etdik. COVID-dən sonra onların ilk izlədikləri konsert idi. Onlar bizimlə birgə oxudular və rəqs etdilər, möhtəşəm bir sevgi göstərdilər. Montrö Caz Festivalında olan konsertimiz də bizim üçün böyük bir uğur idi. Çünki bu tədbir dünyada məşhur olan əfsanəvi bir festivaldır.

– İfa etdiyiniz mahnılarının bəzilərinin söz və musiqi müəllifi özünüzsünüz...

- Simon və mən həm yazır, həm bəstələyir, həm də bütün mahnılarımızı özümüz işıqlandırırıq. Amma hər zaman əməkdaşlığa hazırıq.

– İsveçrə sənət-musiqi mühitində vəziyyət necədir? Hansı problemləri aradan qaldırmaq lazımdır?

– Ən başlıca çətinlik bazarın kiçik olmasıdır. Bundan başqa, İsveçrənin almandilli və fransızdilli hissələri arasında sanki iki fərqli ölkələr kimi gerçək bir baryer var. İsveçrəli sənət adamları üçün özünüixrac vacibdir. Bir çox fransızdilli İsveçrə müğənnisi öz bəxtini Fransada, almandillilər isə Almaniyada sınayırlar.

– İsveçrədə klassik-müasir zövq mübahisəsi varmı?

– Doğrusu, bilmirəm, buna mübahisə demək olarmı? Lakin bu dəqiqdir ki, həm sənaye, həm də auditoriya baxımından iki fərqli dünya var. İsveçrə institutları, müasir musiqi ilə müqayisədə, klassik musiqiyə daha çox dəyər verir.

– Multiinstrumental ifaçı kimi istedadına və ifasına görə “ahtapot adam” ləqəbi ilə tanınan həyat yoldaşınız Simon Jaccardla birgə Bakıya təşrif buyurmusuz və uzun illərdir birgə çalışırsınız. Onunla tanışlığınız nə vaxta təsadüf edir?

– Simonla 8 il öncə tanış olmuşam. O vaxt o artıq dünya turuna çıxmışdı. 2016-cı ildə Simonu İsveçrədəki konsert üçün dəvət etmək imkanım oldu. Səhnədən çıxdıqdan sonra o, təklif etdi ki, birlikdə layihə həyata keçirək. Elə həmin axşam İsveçrənin Livandakı səfiri Fransua Barras bizə Livana səfər etməyi təklif etdi. O zamandan bəri heç ayrılmamışıq və bu yaxınlarda da ailə qurmuşuq.

– Simonun hansı yaradıcı xüsusiyyəti sizi daha çox cəlb edir?

– O mənim arzularımı gerçəkləşdirəndir. Bir ideyam olan kimi məni xoşbəxt etmək üçün bir yol tapır. Qeyd etdiyiniz kimi, bizim tamaşaçılar onu “ahtapot adam” adlandırır. Çünki Simon bir çox alətlərdə ifa edə bilir. O, əzmkardır və başqa mədəniyyətlərdən musiqi alətlərini də sınaqdan keçirməyi xoşlayır. Bir aydır ki, saksofonda ifa etməyi öyrənir. Simon ənənəvi Azərbaycan musiqi alətlərini kəşf etməyə və konservatoriya tələbələri ilə ünsiyyət qurmağa həvəslidir.

– Bakıdakı konsertdə azərbaycanca mahnı oxuyacaqsınızmı?

– Bizim ifamızda Azərbaycan dilində mahnı olmayacaq, amma azərbaycanlı müğənni Qorqud konsertdə çıxış edəcək.

– Qorqudla birgə nəsə ifa edəcəksiniz?

– Bizim məşhur mahnılarımızdan biri “Körpülərin qurulması” adlanır və mən Qorquda təklif etdim ki, duet kimi oxuyaq, mahnının bir hissəsini Azərbaycan dilinə tərcümə edək. Biz həmçinin onun “Qaranlıqda körpülər” mahnısını ifa edəcəyik. Bu mahnı körpülər və məhəbbət haqqındadır – bizim sevdiyimiz hər bir şey haqqında.

Müsahibəni aldı: Nadir Yalçın

Tərcümə: Lamiyə Şirinova

Foto: Rüfət Mustafayev ©️ APA GROUP

Seçilən
22
kulis.az

1Mənbələr