Azərbaycan Mərkəzi Bankı (AMB) “yaşıl taksonomiya”nın ilkin nümunəsini hazırlayıb. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına AMB-nin baş direktoru Şahin Mahmudzadə məlumat verib.
ŞMahmudzadənin sözlərinə görə, nümunə aidiyyəti dövlət qurumlarının rəyinin alınması üçün yönəldilib: “Ölkə iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan taksonomiya üçün tərəfimizdən beynəlxalq təcrübələrə dair dərin təhlillər və araşdırmalar aparılıb. Hazırkı nümunədə “yaşıl sahələr”ə yönəlmiş istər istiqrazlar, istərsə də kreditlər təsnifata uyğun olaraq “yaşıl investisiya” hesab olunur. Taksonomiya təsdiqləndikdən sonra maliyyə alətlərinə inteqrasiyası diqqətdə olacaq”.
Ş.Mahmudzadə “yaşıl maliyyə” ilə bağlı dünya ölkələri üçün vahid taksonomiyanın hazırlanması ideyasına toxunub. Bildirib ki, hazırda taksonomiyaların uyğunlaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması üçün əlaqəli tərəflərlə müzakirələr davam etdirilir: “Hazırda beynəlxalq investisiyaların təsnifatı eyni deyil. Yəni bir ölkə üçün “yaşıl” hesab olunan investisiya, digər ölkə meyarlarına görə “yaşıl” təsnifatına aid olmaya bilər.Taksonomiyanın uyğunlaşdırılması bu təsnifatın eyniləşdirilməsinə, beləliklə də, Paris Sazişindən irəli gələn hədəflərin reallaşdırılması üçün beynəlxalq kapital axınlarının məhdudlaşdırılmasının aradan qaldırılmasına dəstək göstərəcək. Lakin hər ölkənin özünəməxsus daxili iqtisadi reallıqları olduğundan, bu, vahid taksonomiyanın tətbiqinin effektivliyini sual altında qoyur. Odur ki, vahid taksonomiyanın hazırlanması dayanıqlılıq gündəmində olan məsələlər sırasına daxil olunmayıb”.
Fərqanə ALLAHVERDİQIZI