Azərbaycanda 2026-cı ildən sonrakı dövrdə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edən vətəndaşların sayının 3,5-4 milyona çatdırılması planlaşdırılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev hökumətin yenilənmiş "mygov" rəqəmsal platformasının təqdimatında bildirib.
"Biz heç vaxt bütün 10 milyon əhalini əhatə etməyəcəyik, çünki onların arasında körpələr və yaşlı insanlar var ki, onlar rəqəmsal texnologiyalardan aktiv istifadə edə bilmirlər. Lakin biz əminik ki, 2026-cı ilə qədər minimal rəqəmsal savadı olan əhali seqmenti, xüsusilə tələbələr və 16 yaşdan yuxarı vətəndaşlar üçün rəqəmsal platformalardan istifadəni təmin edə biləcəyik. Bizim hesablamalarımıza görə, bu təxminən 1 milyon nəfərdir", - deyə Ş. Əliyev qeyd edib.